Xərçəng xəstəliyini simptomlarından öncə müəyyən edə bilən qan analizi sınaqdan keçirilib
Səkkiz xərçəng növünə erkən diaqnoz qoya bilən qan analizi min xəstə üzərində sınaqdan keçirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins Universitetinin alimləri yeni qan testi vasitəsilə yumurtalıq, qara ciyər, ağ ciyər, mədə, mədəaltı vəzi, qida borusu, yoğun bağırsaq və süd vəzisi xərçəngi diaqnozu qoyulmuş xəstələrin 70 faizindən düzgün nəticə alındığını bildiriblər.
Alimlər qan analizinin xərçəng hüceyrələrinin qanda buraxdığı çox kiçik izləri təsbit etdiyini qeyd ediblər.
Elm adamları, həmçinin vurğulayıblar ki, həmin analizin tətbiqi bədxassəli şişlərdən ölüm hallarını azalda bilər.