Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır
Bakı, 10 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-cü ildönümü tamam olur. Ulu Öndərin parlaq xatirəsi Bakıda, respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılır.
AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Məzar və abidə önünə təzə-tər güllər düzülür, əklillər qoyulur. Dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq duyğuları ilə xatırlanır.
Müasir tariximizin bütöv bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına həsr edib. Heydər Əliyev həyatda olmasa da, mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır. Qarabağın azadlığa qovuşması, dövlət suverenliyimizin tam bərpası əsası Ulu Öndər tərəfindən qoyulmuş inkişaf strategiyasının məntiqi nəticəsidir.
Xalqımız Azərbaycanın qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsidir.
Ulu Öndərin müdrik siyasi kursunun nəticəsi olaraq ölkəmizdə tolerantlıq ənənələri də dirçəlib, yeni məna və məzmunla zənginləşib. Təsadüfi deyildi ki, Fəxri xiyabanı ziyarət etməyə gələnlər arasında müxtəlif millətlərin və dini konfessiyaların çoxsaylı nümayəndələrini də görmək olur.
Fəxri xiyabandakı izdiham bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.
https://azertag.az/xeber/xalqimiz_ulu_onder_heyder_eliyevin_parlaq_xatiresini_boyuk_ehtiramla_anir-2994038