Vitaminlərin həddindən çox qəbul edilməsi orqanizmə mənfi təsir edir

Bakı, 11 aprel, AZƏRTAC

İmmun sistemi orqanizmi viruslardan qoruyur. Onun güclü olması üçün orqanizmin vitaminə ehtiyacı var. Lakin immuniteti artırmaq adı ilə həddindən çox vitamin qəbul etmək orqanizmə zərər verə bilər.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt İsmayıl Əfəndiyev deyib: “İlk növbədə onu bildirim ki, immunitetin gücləndirilməsi düzgün anlayış deyil, çünki immunitetin həm zəif, həm də həddindən artıq güclü olması orqanizm üçün böyük ziyandır. Təəssüflər olsun ki, bir çox xəstəliklər, o cümlədən autoimmun xəstəliklər zamanı orqanizm mübarizə aparmaq üçün başqa düşmən tapmayanda öz-özü ilə mübarizə aparmağa başlayır və bu, bəzi ağır xəstəliklərə səbəb olur. A, D və E vitaminlərinin həddindən artıq qəbul edilməsi orqanizmə, xüsusən qaraciyərə mənfi təsir edir. S vitamini və ya askorbin turşusunun yüksək miqdarda olması həm mədəaltı vəzə təsir göstərir, həm də böyrəklərdə kristallaşmaya səbəb olur”.

Əsasən yazın gəlişi ilə əlaqədar bəzi insanlar həkim məsləhəti olmadan kortəbii qaydada vitamin qəbul edir. Həkim-terapevt deyir ki, həmin maddələri dərmandan yox, meyvə-tərəvəzlərdən əldə etmək lazımdır. Lakin bununla yanaşı tez həll olunan həm zeytun yağı kimi bitki mənşəli, həm də heyvan mənşəli qida və zülallar qəbul edilməlidir, çünki orqanizmə zülallar və aminturşular məhz bu yolla daxil olur. Orqanizmi yalnız vitaminlərlə qidalandırmaq olmur.

Əgər immun sistemində uzunmüddətli bakterial virus infeksiyaları yoxdursa. Onu məqsədyönlü şəkildə gücləndirməyə ehtiyac yoxdur. Həkim tövsiyəsi və müvafiq qan analizləri olmadan fəsil dəyişkənliyi ilə əlaqədar immuniteti həddindən artıq gücləndirilməsi insanı sağlam yox, əksinə xəstə edə bilər.