Vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunur
Bütün ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sistemi tətbiq olunur və xəstələrin qeydiyyatı dünya standartlarına uyğun aparılır”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İstitutunun direktoru Həqiqət Qədirova açıqlama verib.
Qədirova bildirib ki, müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalmaqdadır: “2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil etdiyi halda, 2016-cı ildə həmin göstərici 4,6 olub. Vərəmin gecikmiş və yayılmış formaların sayındada nəzərəçarpan irəliləyiş əldə edilib. 2010-cu illə müqayisədə bu xəstələrin sayı 2 dəfə azalıb. (7,6% —dən 3,4 %-ə enib)”.
“Dərmanlara davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Əgər 2007-ci ildə bu formalı ilkin xəstələr ölkəmizdə Avropa ölkələri arasında ən yüksək idisə, hazırda bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb” — direktor bildirib.
O, əlavə edib ki, qeydiyyata düşən xəstələr müalicəyə cəlb olunur və pulsuz qaydada bütün vərəm əleyhinə dərmanlarla təmin olunur: “Dərmanlara həssas xəstələr 100% hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi yüksəlir. Son illər hospitalizasiya üzrə göstəricilərdə də yaxşılaşma müşahidə olunur. Belə ki, 2017- ci ildə stasionarda keçirilən çarpayı günlərinin sayında, 2010-cu il ilə müqayisədə, 26% azalma müşahidə olunur”.