Vaxtından əvvəl doğulmuş uşaqlar: Az çəki böyük insan olmağa əngəl deyil

17 Noyabr – Dünya vaxtından əvvəl doğulmuş uşaqlar günü kimi qeyd olunur.

Bununla bağlı Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Kiçik doğulmaq böyük insan olmağa əngəl deyil” adlı tədbir keçirilib. Tədbirdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bu günün yaranması tarixindən və zəruriliyindən söz açıb. Bildirib ki, BU gün 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə təsis edilib: “Bu günün qeyd olunmasının məqsədi – vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir”.

Respublikanın baş neonatoloqu, professor Rüstəm Hüseynov Azərbaycanda vaxtından əvvəl doğulmuş uşaqlara dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini bildirib. Neonatologiya sahəsində ciddi irəliləyişlərin olduğunu qeyd edən R.Hüsyenov bildirib ki, Səhiyyə Nazirliyi ölkəmizdəki xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi üçün kifayət qədər yardım edir. Tibb müəssisələrmizin müasir tələblərə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb, kadr potensialı artırılıb.

ATU TCK-nın baş həkimi, uşaq cərrahı, professor Ramiz Poluxov rəhbərlik etdiyi klinikanın fəaliyyəti, burada xəstələrin müayinə və müalicəsi üçün yaradılmış şəraitdən söz açıb.

Səhiyyə Nazirliyinin neonatologiya üzrə kuratoru Nərgiz Şərifova bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, Səhiyyə Nazirliyi tərəfindən neonatologiyanın inkişafı istiqamətində görülən işləri vurğulayıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bu tədbiri vaxtından əvvəl doğulmuş uşaqların həyatda qalması, xüsusi diqqətlə müalicə olunması bütün neonatoloqlara çağırış kimi qiymətləndirib.

A.Rüstəmxanlı Azərbaycanda diri doğulma meyarları haqqında məlumat verib. Qeyd edib ki, hazırda 22 həftə üzərində doğulan və həyat elementi olan, 500 qramdan artıq çəkili uşaq diri doğulmuş sayılır: “Artıq dünya 22-23 həftə üzərində doğulan uşaqların yaşaması üzərində çalışır. Bununla bağlı ölkəmizdə də çox tədbirlər görülüb. Neonatoloqların təlimatlandırılması, müxtəlif konfransların, tədbirlərin, treninqlərin keçirilməsi bizim işimizə xeyli töhfə verib”.

Daha sonra vaxtından əvvəl doğulmuş körpələrin valideynləri uşaqların doğulduğu gün keçirdikləri hislər haqda xatirələrini bölüşblər. Tədbirdə vaxtından qabaq doğulmuş uşaqlara ATU TCK-nın neonatologiya şöbəsi tərəfindən hədiyyələr təqdim olunub.

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah olur, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

Vaxtından əvvəl doğulmuş uşaqlar: Az çəki böyük insan olmağa əngəl deyil