Valideynlər uşaqlarını daha erkən sosiallaşdırmağa başlamalıdırlar

Bakı, 11 mart, Göyçək Mahmudlu, AZƏRTAC

Təəssüf ki, son zamanlar, autizm, uşaq serebral iflici, Daun sindromu kimi diaqnozlar, həmçinin kiçik yaşda çox ciddiyə alınmayan, lakin zaman keçdikcə valideynlər üçün daha böyük problemə çevrilən hiperaktivlik və diqqət əskikliyi kimi hallar artır. Belə halların tibbi tərəfləri ilə yanaşı, sosial tərəfi də var. Sosial tərəf ilk mərhələdə ciddi qəbul edilməsə də çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini Anar İsrafilov “Fərqli Fərdlər” konqresində çıxışı zamanı deyib.

A.İsrafilov qeyd edib ki, uşaqların cəmiyyətə adaptasiyasında müşahidə edilən ən böyük və əsas çətinliklərdən biri də bullinqdir: “Bullinqə məruz qalan uşaqlar təhqir olunan, təzyiq görən və emosional baxımdan kənarda qalan uşaqlardır. Belə uşaqlar daha çox aqressiv və ya özünə qapanan olurlar. Həssas qrup uşaqların isə belə halla qarşılaşmaq riski daha çoxdur. Ona görə də valideynlər uşaqlarını daha erkən sosiallaşdırmağa başlamalı və inklüziv təhsilə yönəltməlidirlər”.