Uzun zaman davam edən öskürəklər...

Payız-qış mövsümündə geniş yayılan tənəffüs yolları infeksiyaları ilə bağlı ən çox qeydə alınan hal öskürəkdir. Öskürək bəzən aylarla davam edir və aparılan müalicələrə tabe olmur. Öskürəkdən ən çox əziyyət çəkən isə azyaşlılar olur.

Həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, mövsümün çox uzanmış, inadlı və keçmək bilməyən öskürəkləri, göy öskürək və ya “göy öskürəyə bənzər sindromlar”  (parapertussis, adenovirus və s.) hesab olunur.

Həkim qeyd edib ki, mövsümə uyğun olaraq yüksək qızdırma, əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklərə çox rast gəlinir: “Müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə almış və “effekt görməmiş” xəstələrdir.

İlk cümlələri də “Ən yaxşı həkimlər baxıb amma sağalda bilməyiblər” olur. Məsələ bundadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur. Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir. Xəstəlik isə öz müddətini başa vurmamış simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə gedən gecə öskürəkləri çox, bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir”.

Onun sözlərinə görə, belə uşaqlar həkim nəzarətində olmalıdır, körpələrə isə stasionarda nəzarət olunması da lazım gələ bilər: “Valideyn isə bu durumda mümkün olduqca təmkinli olmalıdırlar. Qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək, xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır.

e-tibb.az