ÜST Səhiyyə Nazirliyinə növbəti laboratoriya avadanlığı təhvil verib
Bakı, 14 mart, AZƏRTAC
Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi çərçivəsində ölkədə ən çox ehtiyac duyulan tibbi avadanlıqların təchizatı prosesi davam etdirilir.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, layihə çərçivəsində ÜST-nin Azərbaycan ölkə ofisi tərəfindən ölkədə qızılca və məxmərəyə nəzarət sisteminin gücləndirilməsinə dəstək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə növbəti laboratoriya avadanlığı təhvil verilib.
Real vaxt rejimində çalışan “CFX Opus 96” PCR cihazı Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən istifadə ediləcək. Bu avadanlığın təmin edilməsi xüsusilə qızılca və məxmərək xəstəliklərinin dəqiq diaqnostikası üçün laboratoriya imkanlarının gücləndirilməsində mühüm rol oynayır.