ÜST: Hər altı yeniyetmədən biri kiberzorakılıqdan əziyyət çəkir
Bakı, 5 aprel, AZƏRTAC
Avropada yeniyetmələr arasında sosial şəbəkələrdə texnologiyadan istifadə edilməklə digər insanları təhdid etmək, utandırmaq, qorxutmaq və ya tənqid etmək üçün kiberbullinq (kiberzorakılıq) faktları artıb.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən aparılan “Məktəbyaşlı uşaqların sağlamlıqla bağlı davranışı” adlı araşdırmaya əsasən, son 2 ayda bu yaşda olan gənclərin 16 faizi kiberzorakılığa məruz qalıb.
Avropa, Orta Asiya və Kanadanın 44 ölkəsindən və bölgəsindən olan məktəblilər arasında aparılan sorğunun nəticələrinə əsaslanan bir araşdırma oğlanlar arasında kiberzorakılıq qurbanlarının nisbətinin 2018-ci illə müqayisədə 12 faizdən 15 faizə, qızlarda isə 13 faizdən 16 faizə yüksəldiyini təsdiqləyir.
Kiberzorakılığın ən çox yayıldığı ölkələr arasında Litva, İngiltərə, Latviya və Danimarka xüsusilə seçilir.
Hesabat müəllifləri kiberzorakılığın “böyük sosial problem” hesab edilməsini və hesabatın nəticələrinin gələcəkdə problemin həlli yollarının tapılması üçün “başlanğıc nöqtə” sayılmasını xahiş ediblər.
ÜST-ün Avropadakı regional direktoru Hans Klüqe, virtual bullinqin növlərinə diqqət yetirilməsinin hazırda yeniyetmələrin və gənclərin sağlamlığının və rifahının qorunması üçün təxirəsalınmaz prioritet olduğunu və kiberzorakılığın cəmiyyət üçün vacib problem hesab edilməli olduğunu qeyd edib. O bildirib ki, pandemiya səbəbindən baş verən lokdaunlar (qapanmalar) bu problemi daha da ağırlaşdırıb.