ÜST: COVID-19-a yoluxanların 16 faizində əlamət hiss olunmur

Bakı, 10 iyun, AZƏRTAC

Altı ay ərzində elmi ictimaiyyət COVID-19 haqqında xeyli bilik toplaya bilib, lakin virusun “simptomsuz” daşıyıcılar tərəfindən ötürülməsi kimi bir çox suallar hələ də açıq qalır. Hazırda “simptomsuz” koronavirus daşıyıcıları barədə sual hələ də öyrənilmə mərhələsindədir. Düzdür, altı ay ərzində bu sahədə hansısa bilik toplanılmasına nail olunub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloqu Mariya Van Kerkxove virtual mətbuat konfransının gedişində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, müxtəlif dəyərləndirmələrə görə, yoluxanların 6-41 faizində xəstəlik simptomsuz davam edə bilər. ÜST-də orta göstərici 16 faiz müəyyən edilib. Van Kerkxovenin sözlərinə görə, “asimptomatik” hesab edilən şəxslərdə infeksiyanın kliniki təzahürləri var, lakin onlar çox cüzidir və bir çoxları bunu sezmir.

İkinci sual. Bu insanlar öskürmədiyi və asqırmadığı halda da ətrafdakıları yoluxdura bilərmi? Mütəxəssislər hesab edir ki, bu, mümkündür. Bunu başa düşməkdən ötrü alimlər COVID-19-a yoluxması laboratoriya şəraitində təsdiqlənmiş insanın kiminlə kontaktda olmasını aşkarlayıblar və həmin adamlardan bir neçəsinin yoluxmuş olduğunu müəyyən ediblər. Bu cür tədqiqatlar bir neçə ölkədə keçirilib. Lakin hazırda yalnız cüzi məlumatlar əldə edilib. İlkin hesablamalara görə, xəstələnənlərin təqribən 40 faizi “simptomsuz” daşıyıcılardan yoluxurlar.

<ins’>

</ins’>