ÜST Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsinə dəstək göstərir

Bakı, 29 oktyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi Azərbaycanda təcili tibbi yardım sisteminin gücləndirilməsi məqsədilə yeni layihəyə başlayıb. Bu layihə Birləşmiş Millətlər Təşkilatının Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilir.

Ofisdən AZƏRTAC-a bildirilib ki, layihənin ilk mərhələsində təcili tibbi yardım sisteminin əhatəli qiymətləndirilməsi həyata keçirilib. Sözügedən qiymətləndirmə özündə sistemin təşkili, idarəolunması, maliyyələşməsi, təcili yardım haqqında məlumat və onun keyfiyyətinin artırılması, hadisə yerində yardım, daşınma, köçürmə və göndəriş, stasionar yardım və fövqəladə hazırlıq kimi sahələri əhatə edib.

Qiymətləndirmə çərçivəsində ÜST-nin baş qərargahından və ölkə ofisindən mütəxəssislər və TƏBİB-in nümayəndələri Bakı, Şirvan, Salyan və Lənkəranda yerləşən 6 xəstəxana və dispetçer mərkəzlərinə səfər ediblər.

Aparılan qiymətləndirmənin nəticələrini müzakirə etmək üçün yerli tərəfdaşların iştirakı ilə 2 günlük milli müşavirə keçirilib. Tədbirdə Milli Məclis, Səhiyyə Nazirliyi, TƏBİB, Fövqəladə Hallar Nazirliyi, BMT agentlikləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak edib.

Milli müşavirə zamanı Azərbaycanda təcili tibbi yardım xidmətlərinin koordinasiyalı təminatına dair fəaliyyət prioritetləri müəyyənləşdirilib. Həmçinin ÜST-nin təcili yardım üzrə mütəxəssisi doktor Li Vallis tərəfindən qiymətləndirmənin nəticələrinə dair fəaliyyət prioritetlərinin hazırlanması ilə bağlı tövsiyələr verilib.

Qeyd edək ki, ÜST-nin təcili tibbi yardım sisteminin gücləndirilməsinə dair layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq, təcili yardım tədbirləri üzrə qanunvericilik, standartlar, sistem və səlahiyyətlərdəki boşluqların aradan qaldırılması ilə bağlı texniki dəstək veriləcək. Layihənin sonrakı mərhələlərində hal-hazırda təcili yardım sistemində çalışan tibb işçilərinin potensialının artırılması üçün təlimlər təşkil olunacaq və yeni paramedik dərəcəsinin yaradılmasında ölkəyə dəstək göstəriləcək.