“Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda konfrans keçirilib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nevroloqların Milli Assosiasiyası və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun birgə təşkilatçılığı ilə “Uşaqlıq dövrünün nevroloji xəstəlikləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda yerli pediatr, neonatoloq, nevropatoloq və psixiatrlarla yanaşı, xarici ölkələrdən mütəxəssislər də iştirak ediblər.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov ölkəmizdə səhiyyənin inkişafı istiqamətində görülən işlərdən, insanların sağlamlığı naminə atılan addımlardan danışıb. O, Azərbaycanda nevrologiyanın inkişafında institutun nevrologiya və klinik neyrofiziologiya kafedrasının böyük rol oynadığını qeyd edib.
İnstitutun nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti professor Rəna Şirəliyeva bu tədbirin keçirilməsinin artıq ənənə halını aldığını bildirib. O, həmçinin yerli uşaq nevroloqlarının elmi tədqiqat işləri apardıqlarını və uğurlar əldə etdiklərini diqqətə çatdırıb.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı professor Nəsib Quliyev bildirib ki, uşaqlarda rast gəlinən bir sıra nevroloji xəstəliklər vaxtında müalicə olunduğu halda müsbət nəticə əldə etmək mümkündür. Bu zaman, həmçinin əlilliyin inkişafının qarşısı alına bilər. Azərbaycanda 2014-cü ildən başlayaraq uşaqların məcburi dispanserizasiyası davamlı olaraq keçirilir. Bu, vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə-sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir. Nevroloji xəstəliklər vaxtında aşkarlanıb qarşısı alınmadıqda uşaqlar arasında əlillərin sayı arta bilər. Ona görə də icbari dispanserizasiya vacibdir.
Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru Amaliya Əyyubova və Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının professoru Elxan Rəsulov tədbirin əhəmiyyəti barədə danışıblar.
Konfransın birinci hissəsində professor R.Şirəliyeva pediatrik dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər barədə məruzə edib. O deyib ki, cinsi yetkinlik yaşlarında qızlarda oğlanlara nisbətən dağınıq sklerozla bağlı risk 2-3 dəfə artıq olur və ona daha çox gənclər arasında rast gəlinir. Xəstəliyin uşaq yaşlarında aşkarlanması isə 3-5 faizə bərabərdir. Xəstəlik uşaqlarda kəskin və aqressiv başlasa da, onlar böyüklərə nisbətən remissiyaya daha tez çatırlar. Belə ki, uşaqlarda xəstəliyin kəskinləşmə dövrü 4 həftəyə kimi olur. Böyüklərdə isə həmin müddət 8 həftəyə kimi çata bilər.
Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib. Uşaqlarda irsi xəstəliklərin diaqnostika və müalicəsi, pediatrik dağınıq skleroz, epileptologiya, genetik diaqnostika və nevrologiyanın digər aktual məsələləri müzakirə olunub.
Sonra nevroloji viktorina keçirilib. Viktorinanın qaliblərinə professor R.Şirəliyevanın üç cilddən ibarət nevrologiya kitabı hədiyyə edilib.