Uşaqlarınızın Şaxta Babadan qorxmaması üçün məsləhətlər

Bəzən Yeni il günlərində uşaqlarını əyləndirmək üçün müxtəlif şənliklərə aparan valideynlər belə tədbirlərdə övladlarının şənlənməkdənsə, daha aqressiv olması halları ilə rastlaşırlar. Yeni il şənliklərində Şaxta Baba ilə rastlaşan bəzi balacalar onu görən kimi qışqırmağa, ağlamağa başlayırlar.

Valideynlər elə şənliklərdə olarkən uşaqlarında yaranan bu qorxu hissini azaltmağa, onu sakitləşdirməyə çalışsalar da, bu, öz effektini vermir. Nəticədə də valideyn uşağı ilə birlikdə şənliyi tərk etmək məcburiyyətində qalır. Bəzi valideynlər uşaqlarının şənliklərə bu cür yanaşmasına laqeyd yanaşsa və bunu uşağının bir ərköyünlüyü hesab etsə də, əslində, bunun səbəbləri başqadır.

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı Trend-ə verdiyi açıqlamasında bildirib ki, belə hallar daha çox qapalı, bağçaya getməyən, dayə yanında böyüyən uşaqlarda olur:

“Yeni il şənliklərindən daha çox qapalı uşaqlar qorxurlar. Daim ev mühitində böyüyən uşaqlar Şaxta Babanın uzun saqqalını, onun görünüşünü gördükdə qorxurlar. Əslində, onları həm də şənlikdəki səs-küy qorxudur. Belə uşaqlar yalnız Yeni il şənliklərinə deyil, ilk dəfə qonaqlığa gedəndə də ağlayırlar. Nəzərə alaq ki, indi informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdür və uşaqlar planşetlərdən, telefonlardan daha çox istifadə edirlər. Ona görə də indi qapalı uşaqların sayı daha çoxdur”.

E.Baxışlı deyib ki, belə halların baş verməməsi üçün valideynlər uşaqları körpə ikən – 1-2 yaşında olarkən Yeni il şənliklərinə aparmalı və onu belə şənliklərə öyrəşdirməlidir: “Yaxşı olar ki, valideynlər uşaqlarını 1-2 yaşında olanda da Yeni il şənliklərinə gətirsinlər. Onlara elə həmin vaxtdan başlayaraq, Şaxta Baba haqqında danışsınlar. Bu barədə onlara kitablar oxusunlar, internetə daxil olaraq, müxtəlif məlumatlar versinlər, maraqlı şəkillər göstərsinlər. Ancaq uşaqları bu yaşlarda Yeni il şənliklərinə gətirməyib birdən-birə 4-5 yaşında gətirdikdə, onlar Şaxta Babanı görüb qorxurlar”.

Psixoloq qeyd edib ki, uşaqları Şaxta Babadan qorxan valideynlər onun sadəcə bir rol oynadığını və qorxusuz olduğunu övladlarına başa salmalıdırlar.

Valideynlərin də Şaxta Babanın varlığı ilə bağlı məsələyə 2 cür yanaşdığını deyən E.Baxışlı əlavə edib ki, valideynlərin biri qrupu xəyalpərəst olduqlarından uşaqlarına Şaxta Babanın bir rol olduğunu demir, uşaqlarının da xəyal aləminin olmasını istəyirlər. Digər qrup valideynlər isə daha realist olur və uşaqlarına Şaxta Babanın bir rol oynadığını, əslində real Şaxta Babanın olmadığını açıq deyirlər.

E.Baxışlı qeyd edib ki, xəyalpərəst valideynlər də uşaqlarında tənqidi fikirlər formalaşmağa, fantaziya ilə reallığı ayırmağa başlayanda – təxminən 8-9 yaşlarında ona Şaxta Babanın real olmadığını açıqlaya bilərlər.

 

Trend