Uşaqlarını peyvənddən yayındırılması təşviş doğurur

Bizi qrip, meningit və çiçəkdən tutmuş poliomielit, difteriya və qızılcayadək bir çox xəstəliklərdən peyvəndlər qoruyur. Amma son vaxtlar bəzi ölkələrdə, o cümlədən Avropada peyvəndlər barədə əsassız şayiələrə inanan valideynlər uşaqlarını vaksinləməkdən ehtiyat edirlər.

e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən ikigünlük sammitinin iştirakçıları da elə məhz vaksinlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər.

2020-ci ildə ÜST-ün vaksinlərin təhlükəsizliyinin təmin edilməsinə dair strategiyasının müddəti bitir. Odur ki, ekspertlər bu sahədə vəziyyətin daim dəyişdiyini və yeni meylləri nəzərə alan yeni strategiya işləyib hazırlamalıdırlar.

Təşviş yaradan meyllərdən biri valideynlərin kənar təsirlər qorxusundan öz uşaqlarını peyvənd etmək istəməməsidir. Bu problem elə miqyas alıb ki, iyun ayında BMT-də immunizasiyadan imtinaya həsr olunmuş yüksək səviyyəli görüş keçirilib. Məsələn, bu il ABŞ, Braziliya, Ukrayna və Filippində qızılca ocaqları yaranıb.

BMT Uşaq Fondunun (UNİSEF) rəhbəri Henriyetta For deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, immunizasiya hər il 2-3 milyon insan həyatını xilas etməyə imkan verir: “Vaksinlər kəşf olunana qədər hər il milyonlarla uşaq difteriya, qızılca, poliomielit, tetanus, meningit və göyöskürək kimi ağır xəstəliklərə yoluxurdu. Bu xəstəliklər çox vaxt ölümlə nəticələnir, yaxud əlilliyə gətirib çıxarır”.

Vaksinlər bu xəstəliklərin qarşısını alır, xəstəlik törədicisinə immunitetin formalaşması üçün təbii qoruyucu mexanizmləri fəallaşdırır. İmmun sistemi törədicini və ya bakteriyanı tanıyır, bu xəstəliyə qarşı mübarizə aparmaq üçün anticisimlər formalaşdırmağa başlayır. İmmun sistemi gələcəkdə bu xəstəliyə qarşı mübarizə aparmaq üçün onun törədicisini “yadda saxlayır”. Əgər o, yenidən orqanizmə düşsə, sürətlə məhv edilir. İmmun sisteminin yaddaşı o dərəcədə yaxşıdır ki, insan bir və ya bir neçə vaksin dozasını alandan sonra uzun illər, onilliklər və ya hətta bütün ömür boyu bu və ya digər xəstəlikdən müdafiə əldə edir.

ÜST-dən bildiriblər ki, peyvəndlər son dərəcə səmərəli və təhlükəsizdir. Lakin müvəqqəti cüzi kənar təsirlər, məsələn, qolda ağrılar və ya hərarətin azacıq yüksəlməsi ilə müşayiət oluna bilər. Daha ciddi fəsadlar son dərəcə nadir hallarda-milyonda bir dəfə baş verir: “Unutmayaq ki, vaksinləmə zamanı kənar təsir riski xəstəliyin özünün sağlamlığa vurduğu ziyandan xeyli aşağıdır. Məsələn, tetanus çox güclü ağrılar, qıcolmalar və trombozlar yaradır, qızılca isə ensefalitə və korluğa gətirib çıxarır. Vaksinlərin köməyi ilə qarşısının alınması mümkün olan xəstəliklərin çoxu ölümlə nəticələnir”.

Ekspertlər vurğulayırlar ki, hər hansı lisenziyalı vaksin klinik tədqiqatların bir neçə fazası gedişində səylə yoxlanılır, bəyənildikdən sonra alimlər onların səmərəliliyinə və təhlükəsizliyinə daim nəzarət edirlər.

e-tibb.az