Uşaqların sağlamlıq hüquqları tibbi hüququn prioriteti olmalıdır

İNURİA Hüquq Platformasının Tibb Hüququ Qrupunun növbəti iclası keçirilib. Görüşdə tibbi hüquq sahəsində aktual məsələlər geniş müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Azmedinfo.az xəbər verir ki, iclasda Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə də iştirak edib.

Pediatr alim xüsusilə uşaqların sağlamlıq hüquqlarının qorunmasının vacibliyinə diqqət çəkib, pediatriyada hüquqi mexanizmlərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Təranə Tağı-zadə qeyd edib ki, uşaqların keyfiyyətli tibbi xidmətə bərabər çıxışının təmin olunması, onların sağlamlıqla bağlı hüquqlarının beynəlxalq standartlara uyğun müdafiəsi və valideynlərin maarifləndirilməsi bu sahədə əsas prioritetlərdən olmalıdır.

Görüş iştirakçıları bildiriblər ki, belə müzakirələr tibbi hüququn inkişafına, pasiyent hüquqlarının qorunmasına və mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

İNURİA Hüquq Platforması olaraq, tibbi hüququn təkmilləşdirilməsi istiqamətində ardıcıl addımların atılacağı vurğulanıb.