Uşaqların sağlamlığı naminə sosial layihəyə başlanılıb

Azercell Telekom MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verilib.

Trend-in məlumatına görə, layihə çərçivəsində Hepatit B, C, C-reaktiv zülal, QİÇS kimi xəstəliklərin təyin edilməsi məqsədilə Azercell-in Mobil Klinikasında RMDM-in peşəkar tibb heyəti tərəfindən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqlardan qan analizləri götürülüb və müayinələrin cavabı Azercell Telekom MMC-nin xətti ilə himayəçi valideynlərin mobil telefonlarına, eləcə də müəssisənin direktoruna təqdim edilib. Məlumatlar Azercell Telekom MMC tərəfindən avtomatlaşdırılmış texnologiyada tam məxfi olaraq arxivləşdirilib. Layihənin gələcəkdə daha geniş sosial qruplarda reallaşdırılması planlaşdırılır.

Pilot xarakter daşıyan layihənin həyata keçirilməsində məqsəd uşaqların sağlamlığı sahəsində keyfiyyətli tibbi xidmət göstərmək və gələcəkdə yarana biləcək xəstəliklərin erkən aşkarlanmasını təmin etməklə uşaqları qorumaqdır. Sosial layihənin məhz Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə birgə həyata keçirilməsi RMDM-in Bakıda ən yüksək beynəlxalq tibbi standartlara cavab verən JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilmiş ilk və tək tibb müəssisəsi olması və bu mərkəzdə müasir, ən yaxşı avtomatik analizatorlarla təchiz olunmuş, ISO15189 sertifikatını almış laboratoriyanın fəaliyyət göstərməsidir.

 

Trend