Uşaqların əlavə dil öyrənməsi barədə qısa məlumat - Həkim Nərmin Əzizova

Müasir valideynlər uşaqlarının müxtəlif xarici dilləri öyrənməyini arzulayırlar. Araşdırmalar göstərir ki, uşaq yaşlarında xarici dil öyrənmək daha asan, sürətli və yaddaşda qalan olur. Erkən yaşlarda öyrənilən xaric dil ana dil kimi yaxşı öyrənilir və uşağın ümumi inkişafına çox müsbət təsir edir.

Aparılan tədqiqatlara görə, uşaqlara xarici dil öyrətmək üçün ən yaxşı yaş 2-7 hesab olunur. Bu zaman valideynləri əsas narahat edən məqamlardan biri müxtəlif dilləri eyni anda öyrənilməsinin uşaq üçün dil inkişafında çətinliklərə səbəb olacağından ibarətdir. Lakin, araşdırmalar nəticəsində bunun tam əksi sübut olunmuşdur.

6-7 yaşdan sonra dilin mənimsənilməsi şüurlu öyrənmə strategiyalarının istifadəsi ilə əvəz olunur. Bu dövrdə uşaqlarda mücərrəd düşünmə, fikir yaratmaq, nəticə çıxarmaq kimi bacarıqlar inkişaf edir.

Buna görə də, dilə məruz qalma müddəti, öyrənmə resurslarının adekvatlığı və motivasiya kimi amillər öyrənməni daha da formalaşdırır. Mütəxəssislər xarici dil öyrənmənin ən gec 10 yaşa qədər başlamasını tövsiyə edir. Uşaqlarda xarici dil öyrənmək daha böyük yaşlara saxlanıldıqda çətinləşir.

Bununla belə, planlı, nizamlı və düzgün şəkildə həyata keçirilən təhsil proqramları ilə yeniyetməlik və yetkinlik dövründə adekvat dil inkişafına nail olmaq olar.

 

Nərmin Əzizova

Pediatriya.az saytının təsisçisi