Uşaqların boğazını kəsib, anaya 7 bıçaq vurub - Dəhşətli qətlin təfərrüatı
Mərhumun ailə üzvləri qətlin təfərrüatını danışıblar. Məlumata görə, ailə başçısı olan Fəsahət Qaraxanov beynəlxalq yükdaşıması ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl anında Rusiyada olub və bu gün səhər Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.
Qətli törədən, əvvəllər Saatlı rayonunun Novruslu kəndindəki doqquz illik məktəbin direktoru olan Əhəd Əliyev mərhum Gülnar Qaraxanovanın bacısının əridir. Məlumatlara görə, ailə başçısının qazancından, ailənin ev almaq üçün pul yığdığından xəbərdar olan Əhəd Əliyev qətli məhz tamah məqsədilə törədib.
Mərhumun bibisi oğlu Şahlar Məlikovun bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına yeddi bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədən şəxsin qıza əlavə beş bıçaq da vurduğu bildirir.
O da məlum olub ki, həbs olunanda Ə.Əliyevin üstündə 20 min manat pul olub. Onun evdən götürdüyü 40 min manatın 20 min manatı isə yoxdur. Bunun da istintaq orqanları tərəfindən araşdırıldığı bildirilir.