Kiçik yaşda olan uşaqlar tərəfindən yad cismin (əşyanın) udulması barədə. Həkim Nərmin Əzizova

Yad cismin (əşyanın) udulması

Kiçik yaşda olan uşaqlar (əsasən 6 ay – 4 yaş aralığında) vərdiş olaraq əllərinə aldıqları hər bir əşyanı (cismi) tanımaq üçün ağızlarına aparır və həmin əşyanı təsadüfən, yaxud qəsdən uda bilərlər. Bu baxımdan ailələr çox diqqətli olmalıdırlar. Ən çox təsadüf edilən udulmuş yad cismlərə fındıq, kişmiş, kiçik oyuncaq hissələri aiddir.

Statistikaya əsasən, uşaqlar arasında baş verən ölüm səbəbləri arasında yad cismin udulması nəticəsində ölüm halı 5-ci sıradadır.

Yad cisimlər formasına (iti, kəskin), ölçüsünə (˂ 6 sm və ya ˃ 6 sm), materalına (metal, dərman, maqnit, batareya kimi) və ya xarakterinə görə (radiopak (rentgen şüaları keçirməyən), metal, kimyəvi olaraq aktiv kimi) bölünür. Udulan cismin ölçüsü, forması, sayı və xəstəxanaya müraciət edilən dövr ən vacib xüsusiyyətlərdəndir.

Uşaqlar yad cismi udduqda bu cismin gedə biləcəyi iki yol vardır:

  1. Qida borusu (həzm sistemi);
  2. Nəfəs borusu (tənəffüs sistemi).

Mədəyə düşən yad cismlərin 90-95%-i hər hansı narahatlıq yaratmadan bağırsaqlara keçir. Çox vaxt mədədən bağırsaqlara keçərək 24 saat ərzində nəcislə xaric olur.  Lakin, bu zaman yad cism bağırsaq sistemində də müxtəlif hissələrdə tutula bilər. Radiopak (rentgen şüaları keçirməyən) cismlər bağırsaqlarda asanlıqla radyolojik incələmədə müşahidə edilə bilər. Qida borusunda tutulan yad cisimlərdə udma çətinliyi, yeməkdən imtina, həddindən artıq tüpürcək ifrazı, çəki itkisi, qusma, döş qəfəsi ağrısı, boğaz ağrısı, öskürək, səbəbi bəlli olmayan qızdırma və huş pozğunluqlarına səbəb ola bilər.

Qida borusunda ilişib qalan yad əşyalar (cismlər) ezofaqoskopiya vasitəsilə cərrah tərəfində çıxarıla bilinər. İynə kimi çox kəskin və ya itiuclu yad maddələr perforasiyaya səbəb ola biləcəyindən elə mədədə olarkən belə endoskopik yola çıxarılması məsləhət görülür. Cismin uzunluğu 6 sm dən böyük və ya genişliyi 2 sm dən böyükdürsə mədənin pilorik hissəsindən keçməyə bilər. Ezofaqusdakı düymə, batareyalar, maqnitli oyuncaqlar xüsusilə dərhal çıxarılmalıdır.

Xüsusən qarın ağrısı, ürəkbulanma, qusma, ağrılı udqunma, qanama, qarın şişkinliyi və bunlarla bərabər kəskin əlamətlər olması, ayaqüstə çəkilmiş qarın rentgenoqrafiyasında sərbəst havanın görülməsi, massiv (bol) mədə bağırsaq hemoragiya varlığı, bağırsaq obstruksiyasına bağlı olaraq qaz nəcis çıxara bilməmə, tibbi müdaxilərin edilməsinə baxmayaraq (maye-elektrolit və imalə) cavab alına bilmədikdə və cismin endoskopik və kolonoskopik çıxarıla bilmədikdə cərrahi müdaxiləyə ehtiyac vardır. Formasından və növündən aslı olmayaraq bütün yad cisimlər mədədə 4 həftədən çox qalarsa mütləq çıxarılmalıdır. Qida borusuna keçən baterayalar (pillər) təcili olaraq çıxarılmalı, 2 saat ərzində çıxarılmayan pillər nekroza və perforasiyaya səbəb ola bilərlər. Xüsusilə diqqətli olmalı olduğumuz hallar perforasiya, qanama və mexaniki bağırsaq tutulması kimi cərrahi müdaxilə ehtiyac olur. Direkt qrafiya etməklə yad cismin yerləşmə forması, mədə bağırsaqda yerləşmi və s. barədə məlumat almaq olur.

Müalicədə əsas bir neçə prinsipə əsaslanır: Endoskopik olaraq çıxarmaq, konservatif izləmək və cərrahi müdaxilə. Əgər erkən aşkar olunubsa və yad cisim mədədirsə endoskopik olaraq geri çıxartma üsulu  istifadə edilən ilkin metoddur. Endoskopik olmayan, balaca cisim və ya incə bağırsaqlara keçdiyi düşünülürsə konservativ izləçə aparılmalıdır. Əsasən 7 sm-dən böyük cisimlər pilorik hissəni keçə bilmədiyindən qastrotomiya edilib yad cismin çıxarılması vacibdir.

Udulan cisim 5-6 gün duodenuma keçmirsə endoskopik olaraq və ya qastrotomiya apararaq edilməlidir.  Erkən dövrdə mədədə olan cisimlər endoskopik olaraq çıxarılır. Endoskopik olaraq çıxarıla bilinməyən və ya gecikmiş hallarda konservativ gözlənilmə aparılır.

Yad cisim aspirasiyası: Ağız və burun yolu ilə udulan cisimlərin tənəffüs yoluna keçməsinə yad cisim aspirasiyası deyilir. Çünki, xüsusən bu yaşlarda uşaqlar əllərinə aldıqları hər şeyi ağızlarına aparmağı vərdiş edilib. Öyümə, tüpürcək ifrazı, öskürək, xırıltılı tənəffüs, boğulma tutmaları, göyərmə, dispagiya (udmanın pozulması), dispne (nəfəs almada çətinlik), disfoniya (səsin batması), qızdırma, boyun, döş və qarın ağrısı və qan hayxırma kimi əlamətlər müşahidə edilə bilinər. Xüsusən batareyalar, elektrik enerji mənbəyi, toksik və koroziv maddə olması səbəbindən yüksək risk daşıyırlar.

Yad cisim aspirasiyası fizyopatologiyasına və yad cismin yerləşdiyi yerə görə dəyişiklik göstərə bilər. Aspirasya nəticəsində qırtlaq və ya traxeanın tam olaraq tutulması, sürətli asfiksiya və qəfil ölümə səbəb ola bilər. Xüsusən böyük uşaqlarda yad cismin daha çox sağ bronxu zədələdiyi müşahidə edilmişdir. Yad cisimlər əsasən ilk asprasiya edildikləri yerdə qalmır və yerlərini dəyişdirirlər. Xüsusən quru paxlalılar saatlar içində şişərək obstruksiyaya yol aça bilərlər. Yad cisim aspirasiya ailələr çox vaxt şahid olmadığına görə müəyyən etmək tez bir zamanda diaqnoz qoymaq çətin olur. Xüsusən saat batareyası kimi kimyəvi olaraq aktiv cisimlər udulduqda ailələrin səhiyyə mərkəzlərinə gecikməsi ölüm riskini artırır.

Uşaq udduğu yad cismə görə nəfəs ala bilmirsə və ya fitverici səslə nəfəs alırsa və göyərirsə dərhal Təcili tibbi yardıma zəng edilməlidir. İmkan daxilində xəstə ən qısa zamanda xəstəxanaya çatdırılmalıdır. Vizual olaraq valideynlər yad cismi görürlərsə onu ehtiyatnan ağızdan çıxarmağa çalışmalıdır. Lakin, bu zaman olduqca diqqətli və ehtiyatlı olmaq lazımdır.  

Əgər yad cisim görülmürsə uşağı yuxarı hissəsi aşağı olacaq kimi dizinin üstünə qoyub (aşağı sallanma pozisyası) belinə doğru vursaq (iki kürək sümüyü arasına) uşaq yad cismi öskürərək çıxarma ehtimalı vardır. Bəzi hallarda ağıza doru yad cisim gələ bilər ki, onda da ehtiyatla barmaq vasitəsilə ağızdan çıxarma ehtimalı vardır. Əgər uşaq 1 yaşdan yuxarıdırsa uşağın arxasına keçməli, hər iki əli üst üstə qoyaraq, mədə nahiyəsindən diafraqmaya doğru qəfil təzyiq edərək çıxarılmalıdır. Lakin, düzgün taktika ilə aparılmayan müdaxilələr yad cismin daha da dərin yollara keçməsinə əksinə olaraq uşağın tənəffüs yollarının tamamilə qapanmasına səbəb ola bilər. Ona görə bu müdaxilələri etdikdə çox diqqətli olmalısız.

Burunda yad cisim: Hər hansı səbəbdən burun boşluğunda yad cisim əsasən oyuncaq parçaları, kağız və noxud kimi və s. cisimlər rast gəlinir. Burunda olan yad cisimlər tez müəyyən edilmədikdə eroziyalaşma, infeksiyalaşma və çirki qoxulu axıntıya səbəb ola bilər.

Qulaqda yad cisim: hər hansı səbəbdən qulaq yolunda da yad cisimlərin (orqanik, inorqanik həmçinin böcəklər və s.) qalma hallarına rast gəlinir.

Körpələrdə yad cisim udulmasının qarşısını almaq üçün aşağıdakılara riayət edilməlidir:

  1. Yedizdirilmədən sonra uşaq tək qoyulmamalıdır;
  2. Əlavə qida verərkən qəbul edilməsi çətin olan dənəli qidalar-quru paxlalılar, qoz, badam verilməmə və ya valideynin tam nəzarəti altında verilməlidir;
  3. Uşağın yaşına uyğun olan kiçik hissələri az olan oyuncaqlardan istifadə edilməlidir;
  4. Oyuncaqlarda olan batareyalar, maqnitlər açıq yerdə qoyulmamalıdır;
  5. Körpənin olduğu yerlərdə təsbeh, muncuq, qəpik pul kimi riskli əşyalar saxlanılmamalıdır;
  6. Ailədə istifadə edilən dərmanlar uşaqların əli çatmayacaq yerlərə qoyulmalıdır;
  7. Udma görüldükdə panika keçirmədən ağız içində olan yad əşya kontrol edilib çıxarılmağa cəhd edilməlidir;
  8. Uşağın hərəkətlərini məhdudlaşdırmaq lazım deyil, onlara uyğun sahələr yaradılmalıdır.

 

Nərmin ƏZİZOVA

Pediatriya.az saytının təsisçisi