Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib

Bakı, 31 may, AZƏRTAC

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı, Uptodate in Medicine texniki dəstəyi ilə mayın 31-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans təşkil olunub. Pediatrlar üçün nəzərdə tutulan konfrans 80 nəfərin iştirakı ilə keçib.

AZƏRTAC xəbər verir ki, konfransda Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin İnsan hüquqları, informasiya və kommunikasiya şöbəsi, UNICEF–in Azərbaycandakı ofisi, Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə uşaqların müdafiəsinin qorunması, uşaqların mənəvi, əxlaqi və sosial inkişafı vəziyyətinin, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin fəaliyyətinin müzakirə olunmasıdır.

Konfransda “Uşaqların beynəlxalq müdafiəsi: uşaqları necə qoruyaq?”, “Atanın uşaq sağlamlığında rolu”, “Uşaq hüquqlarının müdafiəsində qaynar xətlərin rolu” və digər mövzularda təqdimatlar edilib, mövzular ətrafında müzakirələr aparılıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub. Konfrans Səhiyyə Nazirliyinin “Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya qaydaları” əsasında akkreditasiya olunub.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.