Uşaqların ağlama səbəbləri
Bakı, 18 avqust, AZƏRTAC
Uşaqlar müxtəlif səbəblərdən ağlaya bilərlər. Onları sakitləşdirmək üçün ilk növbədə bunun nədən irəli gəldiyini bilmək lazımdır. Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün ziyanlı deyil. Müasir pediatriyada bu fikir doğru hesab edilmir. Uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal inkişafına mane olur, hətta gələcəkdə xasiyyətin formalaşmasına təsir göstərir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına daimi olaraq reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, başqalarının hisslərinə əhəmiyyət verməyən, həyata və ətrafdakılara çətinliklə uyğunlaşan nəsil formalaşır.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: Körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, tənəffüs sisteminə də mənfi təsir edir. Uzunmüddətli ağlama zamanı ağciyərlərin ventilyasiya prosesi, yəni oksigenlə təchiz olunması pozulur. Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi müxtəlif ola bilər: körpə ac ola bilər; köp onu narahat edər, bezi nəm və çirkli ola bilər, dərisində problemlər yaranması ona diskomfort verər, yaxud körpə soyuq və ya istidən əziyyət çəkə bilər, lakin yuxuya gedə bilmədiyinə görə narahat olar. Bundan əlavə ananın əhval-ruhiyyəsi, gərgin və əsəbi olması və s. uşağa mənfi təsir edər və uşaq bu səbəbdən özünü narahat hiss edərək ağlaya bilər”.
Onun dediyinə görə südəmər uşağa kömək etmək üçün onun niyə ağladığını bilmək, həmçinin belə halda ananın nə etməli olduğunu başa salmaq lazımdır: “Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına almalı, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir. Uşağı köp narahat edirsə, onu masaj etmək, körpəni qarnı üzərinə qoymaq lazımdır. Ağlama səbəbindən asılı olmayaraq südvermə körpəni sakitləşmək və yuxuya getmək üçün ən yaxşı vasitədir. Bəzi uşaqları çimizdirmək onları çox yaxşı sakitləşdirir. Əgər göstərilən bütün cəhdlərə baxmayaraq, körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşmək lazımdır”.
“Uşağın nədən ağlamasını və ona necə yardım etmək lazım gəldiyini bilmədən ana tez onu qucağına götürür və yırğalayır. Uşaq anasının qucağında sakitləşir, lakin onun ağlamasına səbəbi aradan qaldırılmadığı üçün çarpayısına qoyan kimi təzədən ağlamağa başlayır. Anasının onu daim qucaqda yırğalaması uşağın xoşuna gəlir. Lakin anası onu qucağa az götürdükdə və pal-paltarını, əskilərini dəyişib təzədən yerinə qoyduqda da özünü yaxşı hiss edir, burada o gününü yaxşı keçirir. Bundan başqa uşaq üçün çarpayı daha rahatdır, çünki o burada sərbəst surətdə əl-qolunu oynada bilir. Aydındır ki, uşaq öz çarpayısında olanda ana üçün də rahatdır. Uşaq ağlayanda çox hirslənibsə, əvvəlcə ağlamağın səbəbini aradan qaldırmaq, onu mehriban səslə sakitləşdirmək, yaxud qucağa götürmək, sakitləşdikdə isə təzədən yerinə qoymaq lazımdır. Birinci gündən uşaqla bu cür rəftar edilsə, sonralar o özünü sakit aparacaqdır”,- deyə pediatr fikrini yekunlaşdırıb.