Uşaqlarda yaranan boğaz ağrısı yüksək hərarətə səbəb ola bilər

Bakı, 23 iyul, AZƏRTAC

Uşaqlarda boğaz ağrısı yaranan kimi valideynlər buna qarşı tədbir görməyə, ağrıları azaltmağa çalışırlar. Valideynlər hər zaman uşaqlarda boğaz ağrısını soyuq yeməklərin yeyilməsi, soyuq içkilərin içilməsi ilə əlaqələndirir. Lakin bu, hər zaman belə olmur. Çox hallarda uşaqlarda boğaz ağrısı virus infeksiyaları, virus xəstəlikləri nəticəsində yaranır.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, boğaz ağrısı, əksəriyyət hallarda udqunan zaman boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Bu ağrının əsas əlaməti faringitdir. Amma “boğaz ağrısı” və “faringit” terminləri bəzən bir-birlərinin yerinə istifadə edilir. Virusun səbəb olduğu boğaz ağrısı qısa bir müddət ərzində keçib gedir. Boğaz ağrısı hər yaşda, xüsusən də 4-7 yaş arası uşaqlarda daha çox müşahidə olunur. İnfeksiya ilə bağlı olan boğaz ağrısı yüksək hərarətə səbəb ola bilər. Ona görə də zamanında həkimə müraciət etmək vacibdir.