Uşaqlarda xərşəng ən çox bu səbəblərdən yaranır
Uşaq onkologiyasının statistikası böyüklərin onkoloji xəstəliklərinin statistikasından fərqlənir. Böyüklərdə epitelilal şişlərə, yəni klassik xərçəng növlərinə – yəni ağciyər, prostat vəzi, süd vəzi, mədə xərçənginə rast gəlinir. Uşaqlarda klassik törəmələr çox nadir hallarda qeydə alınır. Uşaqlarda ən çox rast gəlinən onkoloji xəstəlik leykoz, yəni ağ qan xərçəngidir.
Bunu AZƏRTAC-A Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri, tibb elmləri doktoru Reyman İsmayılzadə deyib.
Onun sözlərinə görə, leykoz uşaqlarda ən çox təsadüf edilən bütün bədxassəli şişlərin təxminən 28-30 faizini təşkil edir. Təqribən hər 3-4 onkoloji xəstəlikdən əziyyət çəkən uşaqdan birində leykoz xəstəliyinə rast gəlinir. Böyüklərdə leykoz 2,5 faiz hallarda qeydə alınır. İkinci yerdə mərkəzi sinir sisteminin şişləri dayanır. Mərkəzi sinir sistemi şişləri 18-20 faiz hallarda müşahidə olunur. Uşaqlarda limfomalar da daha tez-tez rast gəlinən onkoloji xəstəliklər sırasındadır. Belə ki, onun rastgəlmə tezliyi 10-12, bəzi məlumatlarda 15 faizdir. Balacalar arasında qeydə alınan onkoloji xəstəliklər arasında embrional solid şişlər üstünlük təşkil edir.
İsmayılzadə qeyd edib ki, leykoz sümük iliyinin xəstəliyidir. Bu zaman sümük iliyində blast transformasiyası olur, trombositlərin və eritrositlərin sayı düşür, leykositlərin sayı kəskin artır. Onların 80 faizi limfoblast leykoz, 15-20 faizi isə mioblast leykozdur. Leykoz zamanı dəri solğunluğu, qanaxmaya meyillilik, dəridə petexiyalar, göyərmələr, damaqlardan, burundan səbəbsiz qanaxma, iki həftədən çox davam edən səbəbsiz yüksək hərarət, təkrar və ya davamlı infeksiyalar, halsızlıq, iştahasızlıq və çəki itkisi, sümüklərdə, oynaqlarda ağrı hissi, axsama, limfoadenopatiya, nevroloji simptomlar, hepatosplenomeqaliya və s. müşahidə olunur. Bu zaman qanın ümumi analizi və sümük iliyinin punksiyasının təhlilindən sonra dəqiq diaqnoz qoymaq mümkündür. Onun sözlərinə görə, leykoz sağalan xəstəlikdir. Limfoblast leykozu 80-90 faiz halda müalicə etmək olar. Mioloblast leykozun müalicə nəticəsi limfoblast leykozdan aşağıdır, yəni 70 faizə yaxındır. Lakin ümumi nəticə qənaətbəxşdir. Çünki uşaqlarda mioloblast leykozun rastgəlmə tezliyi təqribən 15-20 faizə bərabərdir.
Onkoloq deyib ki, mərkəzi sinir sistemi şişlərindən olan beyin şişləri baş ağrıları, başgicəllənmə, səndələmə, səbəbsiz qusma, ikigörmə simptomları ilə xarakterizə olunur. Uşaqlarda beyin sümükləri möhkəmlənmədiyindən törəmələr böyüsə də əvvəlcə simptomsuz keçir. Yalnız kəllədaxili təzyiq yuxarı olduqdan sonra əlamətlər özünü büruzə verir. Nevropatoloqun, okulistin müayinəsi, kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya vasitəsilə xəstəliyə diaqnoz qoymaq olar. Bu zaman xəstə əvvəlcə neyrocərrahın konsultasiyasından keçir. Daha yaxşı olar ki, cərrahi əməliyyat vasitəsilə şiş tamamilə çıxarılsın. Uşaq neyrocərrahları əməliyyatdan sonra müalicəni davam etdirilməsi üçün onkoloqlara yönləndirməlidirlər. Onkoloqun apardığı histoloji müayinədən asılı olaraq şüa terapiya tətbiq olunmalı və ya şüa və kimyaterapiya bərabər alınmalıdır. Mərkəzi sinir sistemi şişləri yüksəkdərəcəli bədxassəli törəmələr, aşağıdərəcəli bədxassəli törəmələr olmaqla iki yerə bölünür. Uşaqlarda daha çox arxa kəllə çuxurunda törəmələrə rast gəlinir və sağalma şansı 70-75 faizə bərabərdir. Ümumiyyətlə, uşaqlar böyüklərdən fərqli olaraq onkoloji xəstəliklərin müalicəsinə daha yaxşı reaksiya verirlər.
Onun sözlərinə görə, uşaqlarda qeydə alınan digər şişlər embrional törəmələr embrional hüceyrələrdən əmələ gəlir və əsası ana bətnində qoyulur. Embrional törəmələr şüa və kimya terapiyasına daha həssasdır. Ona görə də nəticə daha yaxşıdır.
Klinikanın şöbə rəhbəri qeyd edib ki, uşaq xərçəng xəstəliklərinin yaranmasında irsi amillər birinci yerdədir: “Ümumiyyətlə, valideynlərin qeyri-sağlam həyat tərzi, onların hormonal preparatlar qəbul etməsi, düzgün olmayan qidalanması uşaqlarda törəmələrin əmələ gəlməsinə təsir göstərə bilər. Bəzən uşaqlarda ana bətnində olarkən şişlər yaranır. Bunu ultrasəs müayinəsi zamanı görmək mümkündür. Buna antineonatal diaqnoz deyilir. Bəzi onkoloji xəstəliklər ana bətnində olsa da körpə dünyaya gələndən sonra öz-özünə spontan olaraq reqressiya edə, yəni geriyə inkişaf edə bilər. Ana bətnində uşağa diaqnoz qoyulursa, yalnız körpə doğulandan sonra tədbirlər görülür, yəni ana bətnində şişlər götürülmür. Körpə doğulan kimi müayinə olunur, kimya terapiya və cərrahi müalicə tətbiq olunur. Lakin şüa terapiya tətbiq edilmir”.
Mütəxəssis, həmçinin bildirib ki, valideynlər uşaqlarına qarşı çox diqqətli olmalıdırlar: “Düşünürəm ki, xərçəngdən ölüm hallarının qarşısını almaq üçün maarifləndirmənin böyük rolu var. Çünki hər hansı bir əlamət müşahidə edilərsə, vaxtında edilən müraciət balacaların həyatını qurtara bilər. Azərbaycanda xərçəngin müasir müalicə və müayinəsi üçün hər bir şərait var. Milli Onkologiya Mərkəzinin nəzdində 2012-ci ildə açılan Uşaq Onkoloji Klinikasında müasir diaqnostika və müalicə üsulları tətbiq olunur və əldə edilən nəticələr qənaətbəxşdir. Uşaq onkoloji mərkəzinin yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda Uşaq Onkologiya Mərkəzi regionda flaqmandır”.