Uşaqlarda tərləmə nədən xəbər verir?
Uşaqların tez-tez tərləməsi ən çox narahatlıq doğuran hallardan biridir. Tez-tez, çox tərləyən uşaqlarda hər hansı narahatlıq olduğu düşünülür. Bu hal yəqin ki, valideynlərin ən çox etdiyi şikayətlərdən biridir.
Tərləmə normal haldırmı? Tez-tez tərləmə nədən xəbər verir?
e-tibb.az bununla bağlı pediatr-neonatoloq , uzman həkim Altay Abdullaoğlunun açıqladığı fikirləri təqdim edir:
Tərləmə orqanizmdəki istilik tarazlığını tənzimləmək, bədəndəki zərərli maddələri xaric etmək üçün lazım olan vəziyyətdir. Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər.
İrsi meylilik, yüsək temperatur, qan azlığı, sinir sisteminin quruluşu, vitamin çatışmazlığı, qalxanvari vəzin xəstəlikləri, şişmanlıq, burun tıxanıqlığı, allergiyalar, antibiotiklərdən istifadə və kimi bir sıra səbəblərdən də tərləmə yarana bilər. Onu da qeyd edək ki, körpələrin döş əmərkən, yuxuda olarkən tərləməsi normal haldır.
Tərləmənin qarşısını almaq üçün nə etmək lazımdır?
1. Otaqda havanın temeraturunu və nəmliyini düzgün tənzimləmək, otağın havasını dəyişmək, termometr vasitəsilə temperatura nəzarət etmək olar. Otağın havası 24-26 dərəcə normaldır.
2.Uşaqları qalın geyindirməmək lazımdır. Uşaqlar istiyə daha həssas olurlar. Ona görə temperatura uyğun, hava keçirən pambıq paltarlara üstünlük verilməlidir.
3. Bol maye qəbul etmək. Ana südü qəbul edən körpələrə isə ana südü yetərlidir, çünki südün 75-80% sudan ibarətdir.
Bütün bunlara rəğmən uşaqda hədsiz tərləmə şikayətləri yenə olarsa, həkim tərəfindən araşdırılması məsləhət olunur.