Uşaqlarda soyuqlamanın əsas səbəbi budur- PEDİATR açıqlayıb

Uşaqlarda soyuqlamanın ən önəmli səbəbi rinoviruslardır. Xüsusilə də məktəb yaşlı uşaqlarda, toplum içərisinə çıxan uşaqlarda bu problemlərə çox rast gəlinir.

e-tibb.az-ın xəbərinə görə, bunu həkim-pediatr Günay Rəsulova deyib.

Həkim bildirib ki, xüsusi bir müalicəsi olmayan bu virusların səbəb olduğu xəstəliklərdən qorunmanın ən praktik yolu, əl təmizliyinə ciddi fikir verilməsidir. Xəstəliyin ilk əlamətləri asqırma və burun tıxanıqlığıdır. Bundan başqa, burun axıntısı, ümumi halsızlıq, öskürmə, baş ağrısı, boğaz ağrısı da ola bilər.

G. Rəsulova deyib ki, rinovirusların xüsusi bir müalicəsi yoxdur. Burada məqsəd, infeksiyanın yol açdığı şikayətlərin azaldılması olmalıdır. Burunu açıq tutmağa çalışmaq, bol maye qəbul etmək, tez-tez əlləri yumaq, xəstələrin olduğu mühitdən uzaq olmaq məsləhətdir. Soyuqlama zamanı qripdən fərqli olaraq çox vaxt hərarət normal olur. Qrip virusu zamanı isə, hərarətin yüksəlməsi, əzələ, oynaq ağrıları tez-tez müşahidə olunur. Qrip virusu ilə xəstələnmə zamanı bronxitlə və pnevmoniya ilə ağırlaşma ola bilər. Ümumi soyuqlamadan fərqli olaraq qripin qarşısını peyvəndlə almaq mümkündür.

e-tibb.az