Uşaqlarda şəkərli diabetə aparan əsas səbəb qida rejiminin pozulmasıdır

Bakı, 15 may, AZƏRTAC

Son vaxtlar şəkərli diabet xəstəliyinin uşaqlar arasında yayılması halları çoxalıb. Atıq 10-12, hətta daha azyaşlı uşaqlar arşında da həmin xəstəliyə rast gəlinir. Bununla əlaqədar olaraq həkimlər həyəcan təbili çalırlar. Xüsusilə də valideynlərə diqqətli olmaq tövsiyə edilir.

AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Şəbnəm Əlirzayeva deyib: “Uşaq çox su içirsə, halsızlıq, yorğunluq, tez yorulma baş verirsə, çəki azlığı yaranırsa, gecələr tez-tez sidiyə gedirsə, kiçikyaşlı uşaqlarda sidikqaçırma olursa, həkimə müraciət etmək lazımdır. Bəzən həmin əlamətlər baş verdiyi halda da gecikmə baş verir, lazımi diqqət yetirilmir, uşaqlarda hipoqlikemik komalara qədər aparıb çıxarır”.

Həkimlərin dediyinə görə, uşaqlarda qida rejiminin pozulması, karbohidratlarla zəngin un məmulatlarından hazırlanan qidalardan istifadə olunması, sürətlə həzm olunan şirniyyat məhsullarına meyilli olmaq uşaqlar arşında şəkərli diabet xəstələrinin sayının artmasına gətirib çıxarır. Ona görə də ilk növbədə balacaların qida rasionu nəzarətdə saxlanılmalıdır.

Uşaqlarda şəkərli diabet böyüklərdə olan kimi ağır yox, nisbətən daha yüngül keçir, sadəcə vaxtında müayinə və müalicə vacibdir. Ümumiyyətlə, əgər ailədə şəkərli diabet xəstəsi varsa, bütün ailə üzvləri ildə bir dəfə qanda qlükoza miqdarını mütləq şəkildə yoxlatmalıdırlar.