Uşaqlarda qızılca xəstəliyi: klinika və müalicəsi (Trend.az)

Bakı. Trend:

Qızılca səpkilərlə müşahidə edilən viral bir yoluxucu xəstəlikdir.

Qızılca hava damcı yolu ilə yayılır. Peyvəndlənmə olanadək bu xəstəlik dünyada uşaqlıq dövrünün ən yayılmış xəstəliyi idi. Hələ də az inkişaf etmiş ölkələrdə qızılca xəstəliyi çox müşahidə edilir və qızılca nəticəsində ölüm hallarının baş verməsi səviyyəsi yüksəkdir. Qızılca virusu insandan insana yoluxulur. Heyvanlar bu xəstəliyin daşıyıcısı ola bilmədiyindən onlar tərəfindən bu xəstəliyin insanlara keçməsi istisna olunur.

Qızılca virusu:

Ən çox qış fəslinin sonunda, həmçinin yaz fəslinin əvvəllərində müşahidə edilir;

Hava damcı yolu ilə yoluxulur. Xəstə ilə təmas olmadan belə keçə bilər. Çünki xəstə otaqdan ayrılsa belə canlı virus 1 saat ərzində otaqda havada qala bilər;

Bu xəstəliyə bütün insanlar yoluxa bilərlər. Yaş və cins fərqi yoxdur;

Yoluxduruculuq qabiliyyəti: səpkilər başlamazdan 4 gün əvvəl və səpkilər solduqdan 4 gün sonraya qədər yoluxdurucudur;

Qızılca xəstəliyinə qarşı immunitet ya peyvəndlənmə ya da xəstəliyi keçirərək qazanılır.

Nə vaxt qızılcadan şübhələnmək olar?

Qızdırmanın 38 dərəcədən çox olması ;

Bədəndə və üzdə səpkilərin 3 gündən çox davam etməsi və nisbətən yayılması;

Öskürək, burun axıntısı, konyuktivit kimi əlamətlərin olması.

Qızılcanın əsas əlamətləri hansılardır?

İnkubasiya dövrü (virusların bədənə daxil olması ilə xəstəlik əlamətlərinin üzə çıxması arasındakı dövr) 8-12 gündür.

Xəstəlik üşütmə, titrətmə və yüngül qızıdrma ilə bərabər fotofobiyanın (işıqdan qorxma) olduğu konyuktivit, burun axıntısı, öskürək və qızdırmanın get-gedə artması əlamətləri ilə müşahidə edilir. Səpkilərin ortaya çıxmasından 1-4 gün əvvəl ağızın selikli qişasında Koplik ləkələri müşahidə edilir və bu əlamətlər əsasən qızılcaya xasdır. Hətta bu ləkələr dodaqlar, sərt damaq və diş ətlərində də müşahidə edilə bilər. Simptomlar səpkilər başlayanadək tədricən daha da arta bilər. Daha sonra isə səpkilər ortaya çıxır.

Qızlca səpkilərinin xüsusiyyətləri hansılardır?

Səpkilər şikayətlər başladıqdan 2-4 gün sonra başlayar və 14 gün davam edə bilər;

Səpkilər alın (saç xəttindən), qulaq arxası və boynun yuxarı hissəsindən başlayaraq gövdəyə, qollara ayaqlara doğru yayılır;

Qırmızı, dəridən yüngül qabarıq olur. Səpkilərin üzərinə basdıqda solurlar;

50% xəstədə səpkilər ovucun içində və ayaq dabanında da görülür;

Xüsusən üz və gövdənin yuxarı hissəsində kiçik səpkilər daha çox birləşməyə meyillidir;

Səpkilər ortaya çıxdıqdan sonra xəstəliyin əsas əlamətləri azalır;

Səpkilər ortaya çıxdığı yerdən başlayaraq təqribi 7 gün içində solmağa, tündləşməyə və qabıqlanmağa başlayır, daha sonra isə tamamilə itir.

Qızılcanın əsas simptomlarından öskürək daha uzun müddət davam edərək 10 günə qədər davam edə bilər.

Qızılca təhlükəli xəstəlikdir?

Bəli, qızılca təhlükəli xəstəlikdir. Qızılca sonrası aşağıdakı ağırlaşmalar müşahidə oluna bilinər:

İshal, qusma;

Orta qulaq iltihabı;

Pnevmoniya (Sətəlcəm);

Miokardit;

Beyin iltihabı;

Xəstəxanaya yatış;

Ölüm.

 

Qızılca ağırlaşmaları xüsusən 5 yaşdan aşağı (xüsusən 1 yaşdan kiçik olan uşaqlar) və 20 yaşdan yuxarı insanlar arasında daha çox müşahidə edilir. Hamiləlik dövründə keçirilən qızılca çox təhlükəlidir. Ananın və dölün itkisinə, ölü doğuş və canlı doğumların isə anadangəlmə qüsurlara səbəb ola bilir.

Qızılca diaqnozu necə qoyulur?

Yuxarıda göstərilən əlamətlər olarsa həkiminizə müraciət etməyiniz məsləhət görülür. Həkim, hər zaman klinik və epidemiolojik əlamətlərə əsasən qızılca diaqnozu qoyula bilər. Daha çox kəskin fazada limfositlərin daha çox azaldığı görülür. Bunula bərabər xəstələrdə mütləq neytropeniya görülür. Qızılca zamanı həm də bakterial infeksiyalara yoluxma olmadığı müddətcə EÇS və CRP normaldır. Serolojik olaraq təsdiq üçün ən uyğun qanda qızılcaya qarşı İgM antitellərinin müsbət olmasıdır. İgM antitelləri səpkinin başlamasından 1-2 gün sonra ortaya çıxar və təqribi olaraq 1 ay müddət müsbət saxlanır.

Atipik qızılcanın formaları hansıdır?

Çox yüngül gedişli;

Çox ağır gedişli;

Şok klinikası ilə gedən qızılca;

Qanamalar ilə görülən qızılcalar.

Qızılca necə müalicə edilir?

Qızılcanın xüsusi müalicəsi yoxdur. Bir çox qızılca xəstəllərinə yataq istirahəti və dəstəkləyici müalicə təyin edilir. Dəstəkləyici müalicəyə qızıdırmasalıcı dərmanlar, öskürək və bronx açıcı dərmanlarla bərabər A vitamini verilə bilər. Əgər xəstələrdə yanaşı əlamətlər ishal, qusma varsa maye bərpası aparılmalı, inaq və ya pnevmoniya bağlı tənəffüs çatışmazlığı əlamətləri varsa isə onda mexaniki ventilasiya aparatına ehtiyac ola bilər.

Vitamin A dəstəyi xüsusən 6 ay – 2 yaş arası uşaqlarda inkişaf edən ağırlaşmalarda göstərişdir.

Qızılcaya qarşı peyvənd:

Canlı viral peyvənddir.

95% təsirlidir.

Həyat boyu qoruyur.

2 doz edilir. 1. Doz 12 aydan yuxarı və 2. Doz isə 4-6 yaş arasında edilir.

Qızılca peyvəndi Məxmərək, Qulaq dibi peyvəndləri ilə bərabərdir.

Qızılca peyvəndinin qoruyuculuq səviyyəsi necədir?

· 12 -15 aylıq uşağa edilən ilk doz MMR (Qızılca, Məxmərək, Qulaqdibi) peyvəndinin qoruyuculuq səviyyəsi 39-98% arasında dəyişir.
· ABŞ da aparılan tədqiqatlarda 2. Doz edilən MMR peyvəndinin qoruyuculuq səviyyəsinin 99% dən çox olduğu görülür. Kanada da aparılan tədqiqatlarda isə bu 67- 100% arasında dəyişir. Ölkəmizdə 2. Doz 4-6 yaş arasında edilir.
· Uzun müddətli qızılcaya qarşı immunitet formalaşdırmaq üçün aparılan tədqiqatlarda hətta ilk peyvəndlənmədən 11 il sonra və 2.doz peyvəndlənmədən 15 il sonra belə qanda MMR peyvəndinə qarşı antitellər aşkarlanmışdır.

Qızılca peyvəndinin yan təsirləri:

Ən etibarlı peyvədlərdən biridir. Çox az yan təsiri vardır:

Qızıdrma

Səpgi

Oynaq şikayəti

Trombositopeniya

Nadir olaraq- parotit (qulaq dibi)

Qızılca peyvəndi kimlərə olunmaması məsləhət görülür?

Canlı peyvənd olduğuna görə hamilələrə, immun çatışmazlığı olanlara, kəskin xəstəlik varsa, ilk dozdan sonra ağır allergik reaksiyası olubsa məsləhət olunmur.

Qızılca xəstəsi ilə təmasdan sonra profilaktik tədbirlər

Peyvənd və immunoglobulin etdirərək xəstəliyə qarşı immunitet qazanıla bilinər. Peyvənd xəstəliyə yoluxmuş insanla təmasdan sonrakı 72 saat ərzində edilərsə xəstə qoruna bilər.

İmmunoqlobulin isə təmasdan sonrakı 6 gün içində verilə biliər. İmmunoqlobulin xüsusən, xəstəliyə yoluxmuş insanla təmas etdiyinə aid şikayəti olan hamilələrə, 6 aydan aşağı olan uşaqlara və immun çatışmazlığı olan insanlara edilməsi göstərişdir.

Nərmin Əzizova

Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı