Uşaqlarda kistoz fibroz xəstəliyinin aşkarlanması məqsədilə 282 “tər testi” aparılıb
Bakı, 14 iyun, AZƏRTAC
Kistoz fibroz (kistik fibrozis) xəstəliyinin erkən diaqnostikası məqsədilə 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayının sonunadək həkim təyinatına uyğun olaraq uşaqlar arasında 282 “tər testi” aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini, pediatr Azər Əhmədov deyib.
Pediatrın sözlərinə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan həmin müayinəyə əsasən, erkən yaş dövründə olan uşaqlar cəlb olunub. “Tər testi”ndə iştirak edənlərin 46-sı 1 yaşa qədər olan körpələr, 123-ü 1-3 yaş arası, 53-ü 3-6 yaş arası, 60-ı isə 6 yaşdan yuxarı olan uşaqlardır: “Müayinələr zamanı 27 nəfərin test nəticəsi müsbət, 49 nəfərinki şübhəli, 206 nəfərin test nəticəsi isə mənfi çıxıb. Kistik fibrozis diaqnozu təsdiqlənən uşaqlar Uşaq Klinik Xəstəxanasının Kistoz Fibroz Mərkəzində qeydiyyata alınır. Burada onlar qidalanma, fiziki inkişaf və tənəffüs göstəriciləri ilə bağlı həkim tərəfindən mütəmadi kontrol müayinələrə cəlb olunurlar. Hazırda Mərkəzdə kistoz fibroz diaqnozu təsdiqlənmiş 43 uşaq qeydiyyatdadır.
Hazırda “tər testi” TƏBİB-in tabeliyindəki Bakı şəhərində fəaliyyət göstərən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Uşaq Klinik Xəstəxanasında aparılır. Kistoz fibroz – irsi yolla keçən və metabolizm prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Həmin xəstəliyin körpənin həyatının ilkin dövründə müşahidə olunan əlamətlərinə yenidoğulmuşda uzun müddət davam edən sarılıq, düz bağırsağın sallanması, xroniki diareya, öskürək, təngnəfəslik, pnevmoniya, dəridən duzlu dad gəlməsi, fiziki inkişafın ləngiməsi və s. aiddir. Xəstəliyin məktəbəqədər, məktəb yaşlı uşaqlarda və yeniyetmələrdə simptomları fərqli olur”.