Uşaqlarda iştahsızlıq: Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?
Uşaqlarda iştahsızlıq: Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?
Günümüzdə valideynlərin əksəriyyəti uşaqların iştahsızlığından şikayət edir. Əsasən də bu hal azyaşlılarda qeydə alınır. Artıq çoxları bunu müasir dövrün problemlərindən sayır.
e-tibb.az həkim-pediatr Aida Rəşidovanın uşaqlarda yaranan iştahsızlıq barədə məqaləsini təqdim edir:
Niyə uşağım iştahsızdır? Hazırda bu, bir çox valideyni narahat edən bir sualdır. Bunu aradan qaldırmaq üçün uşaqlara müxtəlif vitamin kompleksləri də verirlər.
İştah fizioloji yemək arzusudur. İştahın olmamasının bir çox səbəbləri var. Bu səbəblər çox müxtəlifdir: Qan azlığı, mədə bağırsaq traktının bəzi xəstəlikləri (məsələn, qəbzlik və s.) qurd xəstəlikləri, ağız boşluğunda, dildə yaralar (stomatit), bəzi virus infeksiyalari (qrip), körpə uşaqlarda diş çıxarma dövrü, yemək arası şirniyyat qəbulu, qida rejiminin düzgün olmaması, uşağın az hərəkət etməsi, açıq havada az olması və s.
Uşağın psixo-emosional vəziyyətindəki dəyişikliklər də istahsizliga səbəb ola bilər. Bəzən uşaqlar müxtəlif hadisələrə görə daxil narahatlıq yaşayırlar (ailədə gərginlik, valideynlərin arasında konfliktlər, məktəbi və ya bağçanı dəyişmək və s. səbəblərdən).
Bəzən valideynlər sadə qaydalara əməl etsələr, bu, uşaqda iştahanın yaxşılaşmasına səbəb ola bilər. Həmin qaydalar hansılardır?
1) Uşaqla yemək yeməyin vacibliyi haqda söhbət etməyin, bu, əks reaksiya yaradacaq.
2) Uşağın yemək yeməsinin, iştahının sizin üçün əhəmiyyətli olduğunu hiss etdirməyin
3) Uşağı yeməyə məcbur etməyin (şantaj, qışqırıq və s.). Məcburi yeyilən qida yaxşı həzm olunmur.
4) Uşaqda yeməyə həvəs azalan kimi (uşaq başını yana çevirir, ağzını açmır və s.) gülümsəyin və qidanın verilməsini dayandırın.
5) Elə etmək lazımdır ki, uşaq yeməkarası fasilələrdə yeməyə heç nə tapmasın (şirniyyat və s.)
6) Gun ərzində uşağın havada olmasına və aktiv, hərəkətli olmasına şərait yaradın.
7) Qidanın bir porsiyasında olan yeməyin miqdarını azaldın, yemək arası fasilələri uzadın.
8) Uşaqla demokratiya oyunu oynayın, yəni uşağa sanki seçim imkanı verin. Məsələn, uşaqdan soruşun: “Sən bu gün hansı sıyığı yeyəcəksən, yulaf, qarabaşaq ya düyü sıyığı”?
Həmişə əmin olun ki, usaq yeyə bilər, lakin iştahı yoxdur. Yəni qidanı çeynəmək, udmaq çətin deyil, ürəkbulanma, qusma yoxdur, yemək qəbulu onu narahat etmir…