Uşaqlarda depressiya
Bakı, 25 noyabr, AZƏRTAC
Statistikaya görə, məktəbəqədər yaşda olan hər 100 uşaqdan 5-də, yeniyetməlik dövründə hər 100 uşaqdan 8-də depressiya əlamətləri özünü göstərir.
Uşaqlıq depressiyasını təyin edə bilmək və qiymətləndirmək olduqca çətindir, çünki uşaqların bir çoxu duyğu və düşüncələrini ifadə etməkdə çətinlik çəkirlər. Özünü boşluqda hissetmə, tez-tez başağrısı, qarın ağrısı kimi fiziki şikayətlər, sevdiyi şeyləri etməmək müşahidə olunursa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
AZƏRTAC xəbər verir ki, psixoloq Tahibə Quliyeva deyib: “Depressiya yeniyetməlik çağlarında daha çox müşahidə edilsə də, ona məktəb vaxtlarında da rast gəlinir. Onun əsas səbəblərindən biri ailə köklərində valideynlərin depressiya problemləri yaşamasıdır. Bundan başqa tərkedilmə, ana və atanı itirmə qorxusu, inkişaf və diqqət problemləri olan uşaqlarda da həmin hallar baş verir”.
Uşaqlıq depressiyaları uşağın şəxsiyyət və ictimai inkişafına birbaşa təsir edir. Ona görə də xəstəliyin diaqnoz və müalicəsi xüsusi əhəmiyyət daşıyır. “Valideyn həmin halları müşahidə edirsə, mütləq psixoloq, psixiatr və ya nevroloqa müraciət etməlidir. Problem aşağı səviyyədədirsə, onu psixoloqla həll etmək mümkündür. Yox, əgər daha ciddi formadadırsa, psixotrop dərmanların köməyi ilə həll edilir”, – deyə psixoloq bildirib.
Mütəxəssislər deyirlər ki, depressiyanı aradan qaldırmaq üçün sağlam qidalanmaq, nizamlı fiziki hərəkətləri yerinə yetirmək
lazımdır.