Uşaqlar şokolad yeməlidirmi? – PEDİATRDAN MƏSLƏHƏTLƏR

Uşaqların ən xoşladığı məhsullardan biri şokoladlardır. Şokoladı sevməyən uşaq yəqin ki, çətin tapılar. Uşaqların bir çoxunda bu məhsulu yemək alışqanlıq halını alıb.

Şokoladın uşaqlara müsbət, mənfi təsirləri nələrdir? Çox şokolad yeməyin ziyanı varmı? Uşaqlara hansı şokoladlar verilməlidir?

Pediatr Həmid Hacıağayevin məqaləsində bu və bir çox başqa suallara cavab verilib.

e-tibb.az həmin məqaləni təqdim edir:

müxtəlif məhsullarda uşaqların ən sevimli şirniyyat növüdür. Bununla bərabər diqqətli və qayğıkeş valideynləri “Uşağa şokolad vermək olarmı?” sualı da narahat edir. Gəlin, bunun cavabını birlikdə araşdıraq.

Uşaqlara hansı növ şokoladı vermək olar?

Söhbət əsl şokoladdan gedir, yəni tərkibi üyüdülmüş kakao dənələri ilə kakao yağından və şəkərdən ibarət olan şokolad.

Tünd (qara, bitter) şokoladın əsl tərkibi bu cür olmalıdır. Tünd şokoladın kəskin acı var, lakin bununla belə tünd şokolad çox xeyirli və natural məhsuldur.

Bu məhsula qaymaq yaxud süd əlavə edildikdə, şokolad artıq südlü olur. Südlü şokoladın tərkibində kakao tozunun miqdarı daha azdır. Bu səbəbdən də südlü şokolad həm uşaqların, həm də böyüklərin sevimli şirniyyatına çevrilib.

Ağ şokolad – demək olar ki, şokolad deyil. Sadəcə, tərkibində kakao yağı olduğu üçün şokolad adlanır, lakin kakao tozu bu məhsulda heç olmur.

Şokoladın hansı növü uşaq üçün xeyirlidir?

Əslində hər növü xeyirlidir. Çünki bütün xeyir elə kakao dənələri və kakao tozundadır. Təbii şokoladda Triptofan maddəsi var. Triptofan beyində serotonin hormonunun istehsalını artırır (bu səbəbdən şokolad çox yaxşı antidepressant sayılır). Serotonin isə insanın əhval-ruhiyyəsini yüksəldir, beyin qabığını aktivləşdirir və insanın öyrənmə həvəsini və bacarığını artırır.

Təbii şokoladın daha bir xeyri – tərkibində yaddaş və diqqəti artıran amin turşusunun – fenilalaninin olmasıdır. Həmçinin şokoladın tərkibində bol-bol vitaminlər (B qrupu (B1 və B2), provitamin A, PP) və minerallar (maqnezium, dəmir, kalsium, kalium, mis və natrium) var.

Şokoladın içində fındıq, qoz və digər çərəzlər və quru meyvələr olduqda onun qida dəyəri və xeyri, sözsüz ki, artır. Lakin çərəzli şokolad aldığınız zaman diqqət edin ki, onun içindəki çərəz (məsələn, fındıq) üyüdülmüş və doğranmış deyil, bütöv olsun.

Balaca şokolad sevənlərə südlü şokolad vermək daha məsləhətdir, çünki tünd şokolad uşağın həzm sistemi üçün çox ağır ola bilər.

Şokoladı uşaqlara neçə yaşdan etibarən vermək olar?

Sözsüz ki, şokoladın orqanizmə xeyri böyükdür. Lakin dünyada bütün pediatrlar 1,5 yaşa çatmamış uşaqlara şokolad verməyi qəti şəkildə qadağan edirlər. Səbəbi isə kofein, teobromin və şəkərdədir. Bu maddələr sinir sistemini ən aktiv inkişaf etdiyi dönəmdə daha da çox oyadırlar. Bu yaşda körpə təzəcə yeni təbii dadlarla tanış olur, onun dişləri çıxır, və sinir sisteminin olduqca gərgin olduğu bu dövrdə əlavə gərginlikdən uzaq olmaq lazımdır.

Uşağı şirniyyatla tanış etməkdən əvvəl, onu meyvə və tərəvəz yeməyə öyrətmək lazımdır. Daha sonra isə övladınıza südlü kakao və ya su ilə hazırlanmış şəkərsiz (və ya çox az şəkərli) kakao verməyə başlaya bilərsiniz. Lakin südlü kakao da çox verməyin, çünki çox kalorili məhsuldur və uşağın həzm sistemini yükləyir.

Uşağın orqanizminin kakao tozuna olan reaksiyasını diqqətlə müşahidə edin. Səpgi, qaşınma, qızartı varsa, kakao məhsulları ilə tanışlığı bir müddətlik ertələmək lazımdır.

Əgər südlü kakao uşaqda heç bir mənfi reaksiyaya səbəb olmadısa, o zaman tərkibində kakao tozu olan biskvit və qurabiyələr verə bilərsiniz. Lakin südlü şokolad yaxud şokoladlı konfetləri yalnız 3 yaşından sonra vermək olar: günlük normanın 25 qramdan artıq olmaması şərti ilə.

Uşaqlara hansı hallarda qətiyyən şokolad vermək olmaz?

uşaqda ümumiyyətlə, allergiyaya meyllik varsa: çünki şokolad (kakao) hansı məhsulda olursa olsun ən güclü allergendir;

körpənin həyatının ilk ilində laktaz çatışmazlığı yaxud lesitin mənimsənməsi problemi olubsa;

uşaq hiperaktivdirsə;

uşaqda mədə-bağırsaq pozuntuları tez-tez baş verirsə;

uşaqda kökəlməyə meyillik və artıq çəki varsa.

Bütün xeyirlərinə baxmayaraq, şokolad əvəzedilməz məhsul deyil: onun tərkibində elə bir şey yoxdur ki, başqa heç bir qida məhsulunda olmasın. Şokolad əsas rasiona dadlı əlavə ola bilər, bu səbəbdən övladınızın rasionuna bu şirniyyatı daxil etmək yaxud etməmək – Sizin seçiminizdir.

Lakin uşağa şokolad verdikdə də “təhlükəsizlik qaydalarına” riayət etmək lazımdır:

şokoladı yalnız günün birinci yarısında verin: çünki kofein və teobromin axşam yorğunluğu ilə birlikdə sinir sistemini çox yükləyəcək;

şokolad verdikdən sonra dişlərin gigiyenası haqqında da unutmayın: çünki şokolad diş minasını dağıdır;

şokolad aldıqda mütləq tərkibini oxuyun: içində əlavə inqrediyentlər mümkün qədər az olmalıdır.

Uşaqlara mümkün qədər az şokolad verin: şokolad şirin məhsul olduğu üçün, uşaqlarda şirniyyatdan (şəkərdən) asılılıq yaranır. Eyni zamanda şokoladlı şirniyyatları evdə bişirin, uşağa ziyanı daha az olar, çünki mağaza məhsullarında həm şəkər səviyyəsi, həm də əlavə zərərli maddələr (konservantlar və s.) çox olur.

“Uşaq şokoladı” adı altında satılan məhsullara aldanmayın və övladınızı müxtəlif yollarla öz məhsullarından asılı etmək istəyən şirkətlərin oyununa gəlməyin.

e-tibb.az