Uşaqlar göbələk yeyə bilərmi?
Göbələk ən faydalı qidalardan olsa da, çox zaman ondan ehtiyatla istifadə olunur. Bu qidanın daha çox zəhərlənməyə səbəb olmasına dair fikirlər hər zaman hakim olub. Ələlxüsus da insanlar zəhərlənməyə görə uşaqlara göbələk verməyə can atmırlar.
Bu, nə dərəcədə doğrudur?
e-tibb.az xəbər verir ki, pediatr, uzman həkim Ülvi Əliyev bildirib ki, ən faydalı qidalardan biri olan göbələyin tərkibi B qrupu vitaminləri və mineral maddələrlə zəngindir: “Təbiətdə ən çox meşələrdə, çəmənliklərdə bitən “meşə əti”adlandırılan bu qida maddəsini həm də xüsusi plantasiyalarda becərirlər. Ümumiyyətlə, 2 yaşa qədər uşağa göbələk verilməməsi barədə fikirlər yayılıb. Bəzi müəlliflər isə bunu 5 və 7 yaş göstərirlər. Və alınma göbələklər (yığılma qəti qadağandır) əvvəlcə sup formasında, sonra isə qızardılmış və marinə formada uşaqların qida rasionuna daxil edilə bilər”.
Həkim qeyd edib ki, göbələk yüksək toplayıcılıq qabiliyyəti olduğu üçün ətraf mühitdən zərərli maddələri də özündə saxlayır və gec sorulur. Yol kənarlarında, zavod və fabrik tullantıları ilə çirklənən ərazilərdə göbələk yığmaq olmaz: “Gəzinti zamanı rəngarəngliyi sevən balacalar göbələyi qoparıb yeməsinlər deyə kiçik yaşlı uşaqları nəzarətdə saxlamaq lazımdır. Hər göbələk yeyilə bilər, amma bəziləri bir dəfə yeyilə bilər. Bir fəsildə yeməli olan göbələk digər fəsildə zəhərli ola bilər və ya əksinə”.
Pediatr, həmçinin bir çox məşhurların göbələk zəhərlənməsindən öldüyünü də xatırladıb.