Uşaqlar arasında əqli gerilik, autizm, hiperaktivlik və diqqət çatışmazlığı kimi problemlər geniş yayılıb

Bakı, 31 may, AZƏRTAC

Uşaqlar arasında yayılan psixoloji problemlər anadangəlmə və ya sonradan qazanılmış ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib. Onun sözlərinə görə, son dövrlər uşaqlar arasında ən çox yayılan psixoloji problem əqli gerilik, autizm, hiperaktivlik və diqqət çatışmazlığıdır: “Sonradan qazanılmış psixoloji problemlər arasında depressiya daha geniş yayılıb və bundan kifayət qədər uşaqlar əziyyət çəkir. Bəzən övladlarının özünə qapanması, emosiyalarını göstərməməsi, normadan çox sakit rəftarı valideynlərin gözündən qaçır. Bu isə daha ağır depressiya ilə nəticələnir”.

Psixiatr bildirib ki, insanlar depressiyaya uşaqların yalnız yetkinlik dövründə rast gəlindiyini düşünür, lakin düzgün fikir deyil. Bu səbəbdən valideynlər diqqətli olmalıdır.