Uşaq bağçasındakı olay böyüyür: “Müdirin övladım barədə məlumatı açıqlamaq ixtiyarı yoxdur” - YENİLƏNİB +VİDEO
“Bağçada şiddət göstərilən uşaq autizm xəstəsi deyil. Bu xəstəlik testlərlə yoxlanılan, sübut edilə bilən məsələdir. Sübut etməyə hazırıq”.
Bu sözləri Oxu.Az-a sözügedən uşağın valideyni deyib. Valideyn bağça rəhbərinin uşaqla bağlı söylədiklərinin yalan olduğunu bildirib.
“Biz uşağımızı bütün yoxlanışlara aparmışıq, bundan bağçanın da məlumatı var idi. Bağça müdiri isə bizim övladımıza qayğıkeşliyimizdən bu cür istifadə edib. Bütün həkimlərdən keçirmişik deyə sübut edə bilərəm ki, uşaqda autizm problemi yoxdur. Həmin müəllimlərin əksini iddia edəcək əsası varsa, buyursunlar.
Uşaqda autizm olsaydı belə, bunu ictimailəşdirməyə bağça müdirinin hüququ yoxdur. Heç bir pedaqoq uşaqların fərdi məlumatlarını icazəsiz media ilə paylaşa bilməz. Bütün bunlar bağçanın fəaliyyətinin nə qədər qeyri-şəffaf olduğunu göstərir. Üstəlik, autizmli uşağa xüsusi qayğı lazımdır. Həmin bağçada isə uşaqlara şiddət göstərilir, sonra da uşağın guya autizmli olduğu əsas gətirilir. Bizim uşağımızda, sadəcə, gec danışmaq problemi var. Bu isə koronavirusdan əksər uşaqlarda yaranmış problemdir. Bağça müdiri olmayan problemi dilə gətirməli deyildi”, – adının açıqlanmasını istəməyən valideyn bildirib.
https://oxu.az/society/707793