Ürək-damar xəstəliklərinin yaranma səbəbi

Bakı, 18 fevral, AZƏRTAC

Ürək dayanmadan işləyir və yaşadır. Əbəs yerə deyil ki, onu orqanizmdə ən vacib orqan adlandırırlar. Onun vasitəsilə qan bütün bədənə ötürülür. Ürəyə lazımi qayğını göstərmədikdə damarlar tutulmağa başlayır və gələcəkdə infarkt kimi ciddi xəstəliklərə səbəb olur. Statistikaya görə, ürək-damar xəstəlikləri son dövrlər daha da gəncləşib.

AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Oqtay Musayev deyib: “Gənclər arasında damar tıxanıqlığının müşahidə edilməsi risk faktorlarına nəzarət edilməməsi və ona qarşı tədbir görülməməsidir. Ən əsası, əgər nəsildə genetik faktorlar varsa, damar tıxanıqlığı daha erkən yaşdan baş verə bilər. Buna görə siqaret çəkən, ailəsində ürək damarlarına stend qoyulan və koronar şuntlama əməliyyatı aparılan xəstə varsa, onlar risk altında hesab olunurlar”.

Onun dediyinə görə, müvafiq risk cədvəlləri ilə sağlam insanların ürək-damar xəstəliklərinə tutulma ehtimalı müəyyən oluna bilər: “İlk növbədə qidalanma rejimi, təbii qidalardan istifadə etmək, xörəklərdə bitki yağlarından istifadə etmək, axşamlar çox yeməmək, qida rasionunda karbohidratların, un məhsullarının miqdarını azaltmaq lazımdır. Bərk yağlar adlandırdığımız kərə yağı, quyruq yağı, heyvan mənşəli yağlardan mümkün qədər uzaq olmaq, aktiv həyat tərzi, oturaq şəraitində işləyənlər üçün gündə ən azı yarım saat açıq havada gəzmək də mühüm şərtlərdən biridir”.

Risk faktorları nəzərdə saxlanılarsa, insanların ürək problemlərindən qorunması mümkündür.