Ürək-damar xəstəlikləri əsasən genetik olaraq irsi keçir
Bakı, 10 aprel, AZƏRTAC
Dünyada ölüm riskinin əsas səbəblərindən biri olan ürək-damar xəstəlikləri çox vaxt genetik olaraq irsi keçir.
AZƏRTAC xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, ürək-damar cərrahı Cabir Gülmalıyev deyib.
Cərrah birinci dərəcəli qohumu ürək xəstəliyindən əziyyət çəkən şəxslərdə infarkt və qəfil ölüm riskinin artığını qeyd edib: “Hər iki valideyndə ürək-damar xəstəliklərindən biri varsa, uşaqlarda eyni xəstəliyin yaranma riski 2-3 dəfə artıq olur. Bu səbəbdən həmin şəxslərə erkən yaşlarda müntəzəm müayinələrə başlamaq tövsiyə edilir. Lakin bu o demək deyil ki, ailəsində ürək problemi olan hər kəs potensial ürək xəstəsidir. Ailədə ürək xəstəliyi olan insanlar yemək vərdişləri, fiziki fəaliyyətlər, iş tempi və həyat tərzi ilə bağlı daha diqqətli olmalıdırlar. Kiçik yaşlardan şəkər qəbulu tənzimlənməli, tərkibi normadan artıq yağlı olan və fastfud qidalardan istifadə azaldılmalı, fiziki aktivlik və idman ilə məşğul olunmalı, alkoqol, tütün məhsullarında imtina edilməli və stresin idarə edilməsi lazımdır”.