Unikal plastır diabetik yaraları sürətlə sağaldır

Böyük britaniyalı mütəxəssislər azot oksid ayıran plastır üzərində çalışırlar. İlkin adı EDX110 olan bu plastır diabetik yaraların sağalması prosesini xeyli sürətləndirir.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, tədqiqatçılar diabetik pəncə sindromunun ağır formasından əziyyət çəkən insanların üzərində təcrübə aparıblar. Onlar müəyyən ediblər ki, məxsusi bintlərlə müqayisədə plastır yaranın öhdəsindən daha yaxşı gəlir. Mütəxəssislər ümid bəsləyirlər ki, plastırın ixtirası çoxsaylı amputasiya hallarının qarşısını alacaq, çünki azot oksidin təsiri ilə qan damarları genişlənir, zədələnmiş toxumaların qanla təchizatı yaxşılaşır və sürətlə sağalma başlayır.

Statistikaya görə, diabetdən əziyyət çəkən xəstələrin 10 faizinin ayaqlarında və pəncələrində qan dövranı pozulur. Bu da qanda qlükozanın səviyyəsinin yüksək olması ilə əlaqədardır. Buna görə də hər hansı zədə sağalma müddəti uzun sürən açıq yaraya çevrilə bilər. Diabetik yaraların təqribən 40 faizi 3 aydan tez sağalmır, 14 faizinin sağalmasına heç bir il də kifayət etmir. Adətən diabetik yaraların müalicəsində yaralardan ayrılan mayeni özünə hopduran və infeksiya düşməsinin qarşısını alan sarğılardan istifadə olunur.

 

AZƏRTAC