Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş beynəlxalq tibb simpoziumu keçiriləcək

Aprelin 27-28-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş II Alman-Azərbaycan neyroradioloji simpoziumu keçiriləcək.

Azərbaycan Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə serebrovaskulyar xəstəliklərin müasir neyroradioloji diaqnostikasından danışılacaq, ən son müalicə üsulları müzakirə olunacaq. Simpoziumda, eyni zamanda, serebrovaskulyar xəstəliklərin nevroloji aspektdən qiymətləndirilməsinə və müalicəsinə də böyük yer ayrılacaq.

Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq kimi çalışan gənc həmyerlimiz tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə baş tutacaq tədbirdə dünyanın bir sıra nüfuzlu universitet və klinikalarının həkim professorlarının çıxışları gözlənilir.

 

AZƏRTAC