Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisi Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib

Bakı, 4 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.

Ofisdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb.

İyunun 30-na olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb.

“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, – deyə ÜSTnin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.

Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib). Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür.

İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.