Ukraynadan olan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib
Bakı, 10 iyul, Göyçək Mahmudlu, Azər İbrahimov, AZƏRTAC
Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb olunması işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
SXA-nın İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov jurnalistlərə müsahibəsində bildirib ki, Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Diqqətə çatdırılıb ki, növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ola biləcəklər.
Zaur İbrahimovun sözlərinə görə, ongünlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Ukraynanın Azərbaycandakı səfirinin birinci katibi Andrey Onişenko ukraynalı uşaqların reabilitasiyasına yaradılan şəraitə görə Azərbaycana minnətdarlığını bildirib.
Ölkəmizin mədəniyyəti, memarlıq abidələri, tarixi yerləri haqqında məlumatlı olduqlarını deyən ukraynalı uşaqlar isə gəzməli-görməli yerlərlə tanışlığı səbirsizliklə gözlədiklərini deyiblər.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.