Türkiyənin Uludağ Universitetinin nümayəndə heyəti ATU-da qonağı olub
ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı rektor qonaqlara tibb təhsilinin vəziyyəti haqqında məlumat verdi. Onun sözlərinə görə, bu sahədə ən böyük dönüş nöqtələrindən biri ATU-nun rezidentura sisteminə keçidi olub: “Artıq 7 ildir ki, ATU-da ikipilləli təhsil sistemi mövcuddur. Rezidentura təhsilinin köməyi ilə tələbələrimiz ixtisaslaşmış həkim adı alırlar”.
Rektor G.Gəraybəyli ATU tələbələrinin mübadilə proqramları çərçivəsində Türkiyəyə və digər ölkələrə getdiklərini, lakin proqramların uyğunsuz olması səbəbilə problemlər yaşandiğını bildirdi. Bununla bağlı da artıq müəyyən işlərin aparıldığını qeyd etdi.
Uludağ Universitetinin rektoru, professor Yusuf Ulcay tanışlığa şad olduğunu bildirdi, əlaqələrin sıxlaşması üçün qarşılıqlı həkim, mütəxəssis mübadiləsinin vacib olduğunu dedi : “Bizlərdə iki tərəfdə də iş görməyə həvəs var. Bizdə bir çox sahələrdə yaxşı mütəxəssislərimiz var. Uludağ Universiteri beynəlxalq əlaqələrinə görə seçilir. 129 ölkədən 5000- ə yaxın xarici tələbəmiz var”.
Uludağ Universitetinin tibb fakültəsinin professoru, qaraciyər transplantoloqu Ekrem Kaya ATU-nun Cərrahiyyə Kinikası ilə əlaqələrin olduğunu bildirdi. O, ATU nəzdindəki anatomiya muzeyini çox bəyəndiyini deyərək digər həmkarlarının da bu muzeylə tanış olmasının vacibliyini vurğuladı.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov, rektor müşaviri dosent Zülfüqar Musabəyov, Uludağ Universitetinin rektor köməkçisi professor Mehmet Yüce, Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə fakültəsinin dosenti, rektor müşaviri Ferruh Tuzcuoğlu iştirak edirdilər.