Türkiyənin Səhiyyə naziri koronovirusla bağlı açıqlama verib

İstanbul, 29 yanvar, AZƏRTAC

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusla bağlı vəziyyət haqqında açıqlama verib.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyənin Aksaray şəhərində bir neçə gün əvvəl koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxsdə H1N1virusu (donuz qripi) aşkar olunub. Hazırda bu şəxs ciddi nəzarət altındadır.

Nazir Çinin Uxan şəhərində 25 Türkiyə vətəndaşının olduğunu, lakin bu rəqəmin 35-ə kimi yüksələ biləcəyini deyib. Bildirilib ki, bu şəxslərin ambulans-təyyarələr vasitəsilə Türkiyəyə gətirilməsi planlaşdırılır.

Məlumatda qeyd edilir ki, hava limanlarında yerləşdirilən termal kameralarla aparılan müşahidələr zamanı indiyədək heç bir qeyri-adi vəziyyətə rast gəlinməyib. Koronavirusla bağlı Türkiyənin Xalq Səhiyyə Baş İdarəsinin nəzdində xüsusi mərkəz və nazirlik daxilində elmi komitə yaradılıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul