Türkiyəli professor piylənmədən əziyyət çəkənlərə oruc tutmağı tövsiyə etmir
Bakı, 7 aprel, AZƏRTAC
Piylənmə bədəndə yağ kütləsinin surətlə artması nəticəsində bədən çəkisinin normadan artıq olması xəstəliyidir. Piylənmə xəstəliyi insanlarda uşaqlıq və yeniyetməlik vaxtlarından başlayır. Səbəb olan amillər dəqiq müəyyən edilməsə də, şəxsin düzgün qidalanmama və fiziki fəaliyyətinin azlığı xəstəliyin inkişaf etməsində böyük rol oynayır. Bundan əlavə piylənmənin yaranmasında genetik, nevroloji, fizioloji və psixoloji hallar da müşahidə olunur. Uşaqlıqdan başlayan problem yeniyetməlik dövründə ciddi və təhlükəli vəziyyət yarada, başqa xəstəliklərin yaranmasına gətirib çıxarda bilər. Hazırda dünya ölkələrinin ən vacib səhiyyə problemlərindən biridir. Piy toxuması yetkin kişilərdə 15-18 faiz, qadınlarda isə 20-25 faiz təşkil edir. Bu nisbətən kişilərdə 30 faizdən, qadınlarda isə 35-40 faizdən çox olarsa piylənmə prosesi baş verir. Sağlam həyat yaşamaq üçün qəbul olunan enerji ilə sərf olunan enerji eyni miqdarda olmalıdır. Piylənmə xəstəliyinin müalicəsinin bir sıra üsulları var: pəhriz, məşq terapiyası, davranış dəyişiklikləri, farmakoloji müalicə və cərrahi əməliyyat.
AZƏRTAC Haber Türk saytına istinadən bildirir ki, professor Kaya Yorgancı Ramazan ayı müddətində oruc tutmağın piylənmədən əziyyət çəkənlər üçün təhlükəli olduğunu deyib. Professor qeyd edir ki, xəstələr oruc tutaraq arıqlaya biləcəklərini düşünür, lakin uzunmüddətli aclıqdan sonra qəbul edilən yemək piy toxumasını kəskin şəkildə artırır. K.Yorgancı müsəlman ölkələrinin sakinlərini Ramazan ayında daha diqqətli olmağa çağırır.