Türkiyədə hər 3 saatda 1 uşağa xərçəng diaqnozu qoyulur

İstanbul, 14 fevral, AZƏRTAC

Türkiyənin Xərçəng Xəstəliyindən əziyyət çəkən Uşaqlara Ümid Vəqfinin qurucusu və İdarə Heyətinin sədri professor İnci Yıldız ölkədə hər il təxminən 3 min 500 uşağa xərçəng diaqnozunun qoyulduğunu bildirib ki, bu da hər 3 saatda 1 diaqnoz deməkdir.

AZƏRTAC xəbər verir ki, professorun sözlərinə görə bu rəqəm təkrarlanan xəstəliklərlə birlikdə 5 minə qədər yüksəlir: “Lakin buna baxmayaraq səhiyyə xidmətlərinin inkişafı ilə müalicə üsulları daha da əlçatan olur. Bunun üçün xəstəliyin vaxtında aşkarlanması vacibdir”.

Uşaqlarda xəstəliyin yaranma səbəblərinə dair dəqiq bir məlumatın olmadığını deyən professor, bu amillər içində dünyada havanın qlobal çirklənməsinin əsas rol oynadığını qeyd edib. Bildirilib ki, bu səbəblər arasında hormonlu qidalar, elektromaqnit çirkliliyi və mobil cihazlar da yer alır. Belə ki, mobil cihazlar uşaqlarda təxminən 10 il sonra xərçəng yaranma riskini artırır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul