Türk-Azərbaycan Təcili Tibbi Yardım Günləri
Bakı, 26 oktyabr, AZƏRTAC
Dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Türk-Azərbaycan Təcili Tibbi Yardım Günləri” mövzusunda beynəlxalq kurs keçirilmişdir. Azərbaycan Tibb Assosiasiyası və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin və Azərbaycanın mütəxəssisləri özlərinin akademik və peşəkar təcrübələrini bölüşmüşlər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək bu tip tədbirlərin təşkilinin əhəmiyyətindən danışdı: “Tibb Universitetində daim tibbin müxtəlif sahələrinə dair aktual mövzular, səhiyyə sahəsində olan yeniliklərə dair elmi-praktik konfranslar təşkil olunur. Beynəlxalq elmi-praktik “Təcili Tibbi Yardım Kursu”nun əsas məqsədi Azərbaycanda təcili tibbi yardım həkimlərinin peşəkar təcrübələrinin artırılması və akademik biliklərinin təkmilləşdirilməsidir. İnanırıq ki, iştirak edən həkimlərin elmi-praktiki kursda mənimsədikləri akademik biliklər və praktik vərdişlər xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacaq”.
Mərasimdə İstanbul Bilim Universitetinin professorları Başar Cander və Kadriye Yaşar çıxış edərək görülən reanimasyon tədbirlərin nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələr, bu zaman rast gəlinən əsas xəstəliklər, təcili tibbi yardım zamanı istifadə olunan dərman preparatları və s. barədə vacib məlumatlar haqqında məlumat veriblər. Qonaqlar türkiyəli mütəxəssislərin bu sahədə əldə etdiyi təcrübənin məhz qardaş Azərbaycanda paylaşılmasının əhəmiyyətini qeyd ediblər.
Kursun ilk günündə “Döş qəfəsində ağrı- kəskin koronar sindromda təcili tədbirlər”, “Huşun itirilməsi: təcili diaqnostika, müalicə”, “Travmatik vəziyyətlərə yanaşmalar və “Extended FAST” üsulu”, “EKQ-də aritmiyalar”, “Ortopedik travmalara yanaşmalar: şina-gips prinsipləri” mövzularında mühazirələr dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Türk-Azərbaycan Təcili Tibbi Yardım Günləri” iki gün davam edəcək. Bu gün təcili tibbi yardımda müdaxilələr, xəstədə əsas həyati funksiyaların dəstəklənməsi, kardioserebral reanimasiya və digər məsələlərlə bağlı dünya tibb elmində əldə olunan nailiyyətlər və yeniliklər barədə məlumat veriləcəkdir.