“Topuq testi” və “tər testi”nin fərqi

Bakı, 14 iyun, AZƏRTAC

“Topuq testi” bütün körpələrdən götürülməyə başlanılıb. Həmin testə skrininq testi də deyilir. Topuqdan təxminən 4-5 damla qan götürməklə həyata keçirilir. Həmin test vasitəsilə beş genetik və metabolik xəstəlik müəyyənləşdirilir. Bura fenilketonuriya, qalaktozemiya, kistik fibroz, adrenogenetal sindromu və hipotireoz xəstəlikləri aiddir. Sadəcə olaraq bunun diaqnostik əhəmiyyəti yoxdur. Test nəticəsində kistik fibroza şübhə varsa, ikinci mərhələdə “tər testi” ilə diaqnoz təsdiqlənir.

AZƏRTAC xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini, pediatr Azər Əhmədov deyib.

Qeyd edək ki, kistoz fibroz (kistik fibrozis) xəstəliyinin erkən diaqnostikası məqsədilə 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayının sonunadək həkim təyinatına uyğun olaraq uşaqlar arasında 282 “tər testi” aparılıb.