Tibb Universitetinin rektoru doktorant və dissertantlarla görüşüb
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertantlarla görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, elmin böyük əhəmiyyəti barədə danışan rektor qeyd edib ki, bu, çox çətin, eyni zamanda, da böyük məsuliyyət tələb edən bir işdir: “Elm sahəsinə hər il yeni tələblər qoyulur. Məsələn, bu ilin fevralında keçirilən Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ATU-nun birgə elmi konfransında bir çox elmi və təşkilati işlər müzakirə olunub, tibb elminin qarşısında dayanan vəzifə və tələblərdən danışılıb. Əvvəlki illərlə müqayisədə indi elm adamından daha çox əmək tələb olunur. Məsələn, xarici dili yüksək səviyyədə bilmək, xarici ədəbiyyatdan, müasir üsullardan istifadə qaydaları, etik normalar kimi tələblər 5 il bundan əvvəl yox idi. İndi istənilən tədqiqat işi mütləq etik komitənin təsdiqi ilə aparılmalıdır. Kliniki tədqiqatlarda buna çox diqqət yetirilməlidir. Biz çalışacağıq ki, tibbi sahədə elmi adı olanın yüksək intellektual səviyyəsi, geniş dünyagörüşü və profesionallığı olsun.
Rektorun dediyinə görə, hər bir doktorant və dissertant universitetdə yeni yaradılan problem komissiyası qarşısında hesabat verməlidir. O, gənc alimləri hər il ATU-da keçirilən konfranslarda iştirak etməyə dəvət edib.
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək tədbir iştirakçılarının qarşısında duran vəzifələr haqqında geniş məlumat verib.
Yeri gəlmişkən xatırladaq ki, bu il ATU-ya 26 doktorant və 24 dissertant qəbul olunub.