Tibb Universitetinin kollektivi sağlamlıq imkanları məhdud uşaqları ziyarət edib
Azərbaycan Tibb Universitetinin (ATU) kollektivi Novruz bayramı ərəfəsində sağlamlıq imkanları məhdud uşaqları ziyarət edib. Belə ki, universitetin bir qrup əməkdaşı Mərdəkan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov ziyarətin universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə baş tutduğunu bildirib: “ATU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetdə təntənəli Novruz şənliyi keçirilib və hər bir fakültə xonça hazırlayıb. Biz də həmin xonçaları və digər bayram nemətlərini uşaqlar üçün gətirmişik. Belə tədbirlər təşkil etmək, bu cür sağlamlıq imkanları məhdud uşaqları sevindirmək bizim borcumuzdur”.
Sonra müəssisəsinin direktoru Sevinc Məlikova universitet əməkdaşlarına müəssisə haqqında məlumat verib. Bildirilib ki, müəssisədə 5-18 yaşlı təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlər göstərilir: “Burada 170 uşaq var. Onların normal yaşayışı və müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun hər bir şərait yaradılıb. Burada savadlı uşaqlar çoxdur, biz onlara müxtəlif sənət növləri öyrədirik. Uşaqlar arasında Daun sindromu, autizm və serebral iflicdən əziyyət çəkənlər üstünlük təşkil edir. Onlarla işləmək çox çətin olduğu üçün həkimlərlə daima əlaqədəyik”.
ATU nümayəndələri müəssisəni gəzərək, uşaqların xəstəlikləri ilə maraqlanıb, gələcəkdə həkim briqadası ilə bura gəlib, uşaqları müayinə edəcəklərini bildirdilər.