Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illik yubileyi qeyd olunub

Bakı, 10 dekabr, Əziz Məmmədov, AZƏRTAC

Dekabrın 10-da Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək insan anatomiyası və tibbi terminologiya kafedrasının yaranma tarixi, keçdiyi yol və fəaliyyət istiqamətləri barədə danışıb. Onun verdiyi məlumata görə, 1919-cu il fevralın 18-də fəaliyyətə başlayan Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasında bu müddət ərzində 85 mindən çox tibbi kadr və səhiyyə işçisi təhsil alıb. Kafedra indiki Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan tibb fakültəsinin nəzdində yaradılıb. 1930-cu il mayın 9-da həmin fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib. Bakı Dövlət Universitetinin ilk rektoru olan Əməkdar elm xadimi, görkəmli cərrah-anatom, professor Vasili Razumovski həm də normal anatomiya kafedrasının ilk müdiri vəzifəsini yerinə yetirib. O, 1919-cu il noyabrın 20-də Bakı Dövlət Universitetində “Tibbə və anatomiyaya giriş” mövzusunda ilk mühazirə oxuyub. Bununla da Azərbaycanda ali tibb təhsilinin təməli qoyulub. Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşib, 1949-cu ildən isə tədricən tikintisi hələ tamamlanmayan və məxsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni dördmərtəbəli binaya köçürülməyə başlanılıb. 1953-cü ildə köçürülmə bütöv şəkildə başa çatdırılıb. Həmin vaxtdan demək olar ki, kafedrada əsaslı təmir-bərpa işləri aparılmayıb. Hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Yeni tədris və elm mərkəzinin qurulması isə həmin kafedranın 100 illik yubileyinə ərməğan edilən ən böyük töhfədir.

Təhsil naziri Ceyhun Bayramov öz çıxışında qeyd edib ki, Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin ilk yeddi rektorundan altısı ixtisasca həkim olub. O, universitetin nəzdindəki tibb fakültəsinin insan anatomiyası və tibbi terminologiya kafedrasının tarixi, burada dərs deyən ziyalı və alimlər, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işləri diqqətə çatdırıb. Kafedranın inkişafında Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Kamil Balakişiyev və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətləri xüsusi qeyd olunub.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, son vaxtlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə və yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilir, tibbi kadrların, o cümlədən patoloji anatomiya və insan anatomiyası üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurlar qazanılır. Nazir müavini Azərbaycan Dövlət Tibb Universitetinin ilk rektorlarından olan görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin 1932-ci ildə bütün kafedralarda milli dildə dərsliklər yazılması barədə göstərişi verdiyini bildirib. Normal anatomiya kafedrasında bu iş kafedranın dosenti Kamil Balakişiyevə tapşırılıb. Alim keçən əsrin 30-cu illərində ilk dəfə türk (Azərbaycan) dilində latın qrafikası ilə dərslik və dərs vəsaitləri yazaraq azərbaycanlı tələbələrin, eləcə də müəllimlərin işini xeyli asanlaşdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov hər bir kafedranın elm ocağının özəyi olduğunu, bir əsrlik yaşı olan insan anatomiyası və tibbi terminologiya kafedrasının isə Tibb Universiteti üçün məhz belə bir rola malik olduğunu diqqətə çatdırıb.

1990-1995-ci illərdə insan anatomiyası və tibbi terminologiya kafedrasına rəhbərlik etmiş Əməkdar elm xadimi, professor Rafiq Əsgərov 1937-1973-cü illərdə kafedraya görkəmli alim, professor Kamil Balakişiyevin rəhbərlik dövrünü xatırladıb. Onun dediyinə görə, həmin dövrdən etibarən kafedrada milli kadrların hazırlanmasına, onun nəzdində fəaliyyət göstərən tədris muzeyinin zənginləşdirilməsinə və inkişafına xüsusi diqqət yetirilib.

ATU-nun insan anatomiyası kafedrasının rəhbəri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski kafedranın əməkdaşlarının əməyinə verilən yüksək qiymətə görə kollektivin dərin minnətdarlığını çatdırıb. Bildirib ki, hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Diqqətə çatdırılıb ki, 2004-2005-ci tədris ilindən başlayaraq insan anatomiyası fənni xarici tələbələr üçün ingilis dilində tədris olunmağa başlanıb.

Konfransda Türkiyə, Gürcüstan və Başqırdıstan tibb təhsili müəssisələrinin anatomiya kafedrasının rəhbərləri çıxış edərək ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrası ilə bağlı xatirələrini bölüşüblər, kafedranın kollektivini yubiley münasibətilə təbrik ediblər. Eyni zamanda, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı, əhalinin sağlamlığının mühafizəsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Konfrans öz işini plenar sessiyalarla davam etdirib, ayrı-ayrı mövzularda məruzələr dinlənilib.