Tibb Universitetinin İctimai Nəzarət və Məsləhət Şurası imtahanlarda iştirak edib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti reydini keçirib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, 5 saylı tədris binasında keçirilən monitorinqdə şuranın üzvləri-Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və tələbə-dekan Məhərrəm Alimli iştirak ediblər.

Reydlərin aparılmasının əsas məqsədi tələbələrin fikirlərini, rəylərini, şikayətlərini və təkliflərini öyrənərək ictimailəşdirmək, problemlərin həllinə nail olmaqdır.

Monitorinq zamanı imtahanın gedişi izlənilib. İmtahanın qaydalara uyğun getdiyi qeyd olunub və heç bir qüsur aşkarlanmayıb.

Şura üzvləri Apellyasiya Komissiyasının fəaliyyəti ilə tanış olublar. Komissiyanın sədri, professor Surxay Musayev gün ərzində əsaslı və əsassız 7 müraciətin daxil olduğunu bildirib. Müraciətlərin əsasən imtahanlara düşən test suallarındakı anlaşılmazlıqlarla olub.

Azərbaycan dili və ictimai fənnlər kafedralarında davamiyyət jurnalına baxış keçirilərkən bəzi əməkdaşların nizam-intizama riayət etməməsi hallarına rast gəlinib. Bu barədə qeydlər aparılıb və reydin nəticələri barəsində rəhbərliyə ətraflı məlumat veriləcəyi bildirilib.

İqtisadiyyat fənni ilə bağlı tədris olunan proqramla da maraqlanan şura üzvlərinə müəllimlərə elmi araşdırmalar aparmaq məqsədilə bəzi arxiv və kitabxanalarda işləmək üçün şəraitin yaradılması təklif olunub.

 

AZƏRTAC